"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Kəpəz"ə 5:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, alman əsilli rumıniyalı çalışdırıcı belə danışıb:
"Yaxşı oyun oldu. Bu matç üçün narahat idim. Çünki "Rapid"lə matçda 120 dəqiqə mübarizə apardıq. Səfərdəki nəticəyə görə üzgün idik. Ona görə bu gün qələbə qazandığımız üçün çox sevinirəm.
Futbolçuların daha aqressiv olmasını və əldə etdiyimiz epizodların hamısının qola çevrilməsini istəyirəm.
Rumıniyalı baş məşqçi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) ilə görüşü unutmadığını söyləyib: "Bunu unutmaq asan deyil. Pley-off üçün şansımız var idi. Həmin matçdan nəticə çıxartmalı və daha güclü olmalıyıq. Komandamın total, aqressiv və hücumameyilli futbol oynamasını istəyirəm. Bunun üçün keyfiyyətli oyunçularımız var".
Regekampf Rəhman Hacıyevin vacib oyunçu olduğunu söyləyib: "Onun günü deyildi. Öz keyfiyyətini komanda üçün istifadə etməlidir. Sürətindən və texniki bacarıqlarından yararlanmalıdır. Mənim onunla konfiliktim yoxdur. Sevinirəm ki, o, meydandan özündən narazı şəkildə çıxdı".