“Turan Tovuz” - “Kəpəz” oyunundan (2:0) öncə 44 günlük Vətən müharibəsində videomüraciəti ilə yaddaşlarda qalan qazi Əli Məmmədova klub adından xüsusi hədiyyələr təqdim edilib.
Fanat.Az Tovuz təmsilçisinin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, “Arzum, istəyim “Turan Tovuz”un Premyer Liqaya yüksəlməsi, Premyer Liqada oynamasıdır!” deyən Əli Məmmədov azarkeşlərin alqışları ilə meydana çıxıb.
"Turan Tovuz"un icraçı-direktoru Nadir Nəbiyev ona 44 nömrəli forma və mövsümi bilet təqdim edib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində bir çox əsgər və qazilər videomüraciətlə komandaya dəstəklərini bildirmişdi. Bundan sonrakı oyunlarda da klub rəhbərliyi onların hər birini dəvət edib hədiyyələr təqdim edəcək.