Cüdo üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirinə uğursuz start verib.
Fanat.Az xəbər verir ki, ilk gündə 8 idmançımız tatamiyə çıxıb. Onların hamısı mübarizəni medalsız başa vurub.
Yalnız Nazir Talıbov (60 kq) medal əldə etməyə yaxın olub. 1/4 finalda məğlub olan cüdoçu təsəlliverici görüşdə də belçikalı Yorre Verstraetenə uduzaraq bu imkanı qaçırıb.
Millinin digər üzvlərindən Yaşar Nəcəfov (66 kq) 1/32 finalda, Kəramət Hüseynov (60 kq) 1/16 finalda, Orxan Səfərov (66 kq) 1/8 finalda mübarizəni dayandırıblar.
Qadın cüdoçulara gəldikdə, Leyla Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) startdaca yarışla vidalaşıblar. Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) isə 1/8 final səddini keçə bilməyiblər.
Qeyd edək ki, "Böyük Dəbilqə"yə aprelin 2-də yekun vurulacaq.