Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, ikinci yarış günündə daha üç Azərbaycan cüdoçusu tatami üzərinə çıxıb.
Orxan Səfərov (66 kq) startda Daikii Bubanı (Fransa) yenib. Lakin o, növbəti mərhələdə italiyalı Elios Manzi ilə bacarmayıb.
Gültac Məmmədəliyeva (52 kq) Sofiya Fioranı (Argentina) məğlub etsə də, ardınca fransalı Amandin Buşara yenilib.
Həmçinin Aydan Vəliyevanın (52 kq) mundial macərası iki görüşdən ibarət olub. Erzu Muminoviqi (Kosovo) üstələyən 17 yaşlı idmançı sonradan italiyalı Ciaffrida Odetteyə uduzub.
Beləliklə, ikinci yarış günü də millimiz üçün medalsız başa çatıb.
Qeyd edək ki, ölkəmizin 13 (9 kişi, 4 qadın) cüdoçu ilə qatıldığı mundiala mayın 14-də yekun vurulacaq.