Azərbaycan Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında 9 (7 kişi, 2 qadın) cüdoçu ilə təmsil olunacaq.
Fanat.Az xəbər verir ki, bu, Beynəlxalq Cüdo Federasiyasının açıqladığı son olimpiya reytinqindən sonra bəlli olub.
12 təmsilçimiz olimpiadada iştirak hüququ qazanan idmançıların siyahısına daxil edilib. Lakin hər ölkə müvafiq çəkilərdə yalnız 1 cüdoçu ilə təmsil oluna bildiyi üçün onlardan yalnız 9-u Parisə gedəcək.
Siyahıda dünya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevlə (100 kq) yanaşı, Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Murad Fətiyev, Elxan Hacıyev (hər ikisi 90 kq), Uşanqi Kokauri (+100 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) da yer alıb.
Turnirdə iştirak edəcək idmançıların yekun siyahısını Azərbaycan Cüdo Federasiyası açıqlayacaq.