
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın İspaniyaya qarşı keçiriləcək final matçından əvvəl mətbuat konfransında maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, mütəxəssis həlledici qarşılaşma, rəqib İspaniya barədə danışıb.
Finala hazırlıq və azarkeşlər haqqında:
"Hər oyuna necə hazırlaşırıqsa, bu matça da elə hazırlaşırıq. Diqqətimizi itirməmək üçün bunun sadəcə bir futbol matçı olduğunu düşünməliyik. Komandamız son oyunlarda, xüsusən də İngiltərəyə qarşı ikinci hissədə çox yaxşı təsir bağışladı. Biz xalqımız, ailələrimiz üçün oynayırıq. Ən dəyərlisi odur ki, biz "River Pleyt" və "Boka Xuniors" azarkeşlərini Argentina forması altında birləşdirə bildik".
Rəqib İspaniya barədə:
"Luis de la Fuente ilə yaxşı münasibətimiz var. İspaniya ilə oxşar cəhətlərimiz çoxdur — hər iki komanda topa sahib olmağı və hücum etməyi sevir. Onların təcrübəsinin az olduğunu düşünmürəm, çünki heyətlərindəki futbolçular böyük klublarda oynayırlar. İspaniyanı yaxşı analiz etmişik, rəqibin hər şeyi, hətta oteldən çıxan avtobusu belə məni narahat edir. Çünki onlar böyük komandadır".
Qeyd edək ki, görüş sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Əlisahib İbrahimli