
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri bu gün 4 idman növündə çıxış edəcəklər.
İdmançılarımız yunan-Roma güləşi, atletika, qılıncoynatma və 3x3 basketbol üzrə qüvvələrini sınayacaqlar.
İlk olaraq güləşçilər mübarizəyə qoşulacaqlar. Nihat Məmmədli (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) xalça üzərinə çıxacaqlar.
Daha sonra paraatlet Samir Nəbiyev (F57) disk atma növündə medal qazanmağa çalışacaq.
Qılıncoynadanlar Aynur Quliyeva və Nəzrin Mehdiyeva şpaqa növü üzrə mübarizə aparacaqlar.
Azərbaycanın 3x3 basketbol millisi qrup mərhələsində 3-cü oyununu keçirəcək. Rəqib Fil Dişi Sahili yığması olacaq.
Nazim Babayev və Rüstəm Məmmədov üçtəkanla tullanmada, Lamiyə Vəliyeva 100 metr, Əlhəm Nağıyev 200 metr məsafəyə qaçışda, İsmayıl Əliyev isə nüvə itələmədə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır. Azərbaycan hazırda 45 mükafatla (5 qızıl, 14 gümüş, 26 bürünc) medal sıralamasında 9-cu pillədə qərarlaşıb.
İslamiada noyabrın 21-də başa çatacaq.