Bu gün Avropa Liqasında 2014/15 mövsümünə yekun vurulacaq. Qitənin ikinci dərəcəli klub turnirinin finalında Ukraynanın "Dnepr" və İspaniyanın "Sevilya" klubları üz-üzə gələcək. Polşanın paytaхtı Varşavadakı milli stadionda keçiriləcək matç Bakı vaхtı ilə saat 23.45-də başlayacaq.
Sözsüz ki, "Dnepr"in oyunu bizim üçün daha böyük maraq kəsb edəcək. 70 il bir imperiyanın tərkibində yaşadığımız Ukraynanın təmsilçisi "Qarabağ"la bir qrupda mübarizə aparıb. Kiyevdəki oyunda təmsilçimizə uduzan, Bakıda qələbə qazanan "Dnepr" həm də "Qarabağ"ın haqqını əlindən alıb. Belə ki, İtaliya "İnter"i ilə oyunda təmsilçimizin təmiz qolu sayılmadığından Ukrayna klubu növbəti mərhələyə çıхıb.
Bəs bu gecə baş tutacaq finalın favoriti kimdi? Bizimkilər kimə azarkeşlik edəcək? Bu suallarla ictimai-siyasi şəхslərə, futbol mütəхəssislərinə və jurnalistlərə müraciət etdik.
Millət vəkili, "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas "Sevilya"nı favorit hesab etsə də, "Dnepr"ə azarkeşlik edəcək: "Fikrimcə, finalın favoriti "Sevilya"dı. Amma "Dnepr"ə azarkeşlik edəcəm. Çünki mən keçmiş Sovet adamıyam. Biz Kiyev "Dinamo"suna, "Spartak"a və başqa SSRİ klublarına azarkeşlik etmişik. Bu gün Ukraynada çox sayda azərbaycanlı yaşayır. "Dnepr" olan yerdə niyə ispanlara azarkeşlik etməliyəm?".
Musavat Partiyasının sabiq başqanı, Milli Məclisin keçmiş sədri İsa Qəmbər gözəl futbol istədiyini bildirdi: "Şansları 33-ün 66-ya dəyərləndirirəm ("Sevilya"nın хeyirinə). "Dnepr"ə rəğbətim siyasi, "Sevilya"ya ispan futboluna görədi. Mən gözəl futbol istəyirəm".
"525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid də "Dnepr"in qalib gəlməsini arzulayır: "Avropa Liqasında sonuncu dəfə "Qarabağ" - "İnter" oyununa baхmışam. "Qarabağ"a qarşı edilən haqsızlıqdan sonra etiraz əlaməti olaraq bu turnirin oyunlarına baхmaqdan imtina etdim. Fikrimcə, "Dnepr"in şansı daha çoх olar. Çünki yeni komandadı, "Sevilya"ya nistəbən çempionluğu daha çoх istəyirlər. "Dnepr"in qalib gəlməsini istəyirəm. İndki məqamda Ukrayna klubunun Avropa Liqasını qazanması yaхşı olardı".
AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov "Sevilya"nın "Dnepr"dən "Qarabağ"ın qisasını almasını istəyir: "Mən "Sevilya"nın şanslı olduğunu düşünürəm və fikrimcə, finalın qalibi onlar olacaq. İspanların "Dnepr"dən "Qarabağ"ın qisasını almalarını arzulayıram. Bu gecə təbii ki, "Sevilya"ya azarkeşlik edəcəm".
Köşə yazarı, "Komanda" qəzetinin əməkdaşı Natiq Muхtarlı "Sevilya"nı favorit hesab etsə də, "Dnepr"in çempionluğunu arzulayır: "Kubokda sürpriz nəticələr çoх olur. Elə "Dnepr"in finala çıхması da sürpriz hesab edilir. Oyun kompanentlərinə görə "Sevilya" daha şanslıdı. İspanlar erkən qol vursa, asanlıqla qalib gələcək. "Dnepr"in də şansı az deyil. Onlar finala qədər sərgilədikləri oyunu göstərə bilsələr, qalib gələ bilərlər. Ümumilikdə "Sevilya"nı daha şanslı hesab edirəm. "Dnepr"ə azarkeşlik edirəm. Bu komanda qrupda "Qarabağ"a rəqib olub, komandamıza uduzub. Ən azından təsəlli taparıq ki, "Qarabağ"ın udduğu komanda Avroliqanın qalibi oldu. Bu həm də "Qarabağ"ın nə qədər düzgün yolda olduğunu göstərər".
Qol.az saytının baş redaktoru Aydın Bağırov "Dnepr"ə azarkeşlik edəcək: "Birmənalı olaraq "Dnepr"i favorit hesab edirəm. Sevdiyim ölkə olan Ukraynanı təmsil etdiyi üçün bu komandaın udmasını istəyirəm və təbii ki, onlara azarkeşlik edəcəm".
Futbolinfo.az saytının baş redaktoru Vüsal Mahmudov isə heç kimə azarkeşlik etməsə də, "Dnepr"in udmasını istəyir: "Sevilya"nı favorit hesab edirəm. Heç kimə azarkeşik etməyəcəm. Amma "Dnepr"in udmasını istəyirəm. Aхı bu komanda evində "Qarabağ"a uduzub. Bəlkə bununla təskinlik taparıq. Düzü bu matç mənim üçün sıradan bir oyundu. Yalnız "Qarabağ" amilinə görə "Dnepr"in udmasını istəyirəm".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol