Dünən Avropa çempionatının seçmə mərhələsində 8 görüş keçirilib. Fanat.az xəbər verir ki, D qrupunda Bakı "İnter"inin sabiq baş məşqçisi Kaxaber Tsxadadze və "Simurq"un keçmiş çalışdırıcısı Georgi Çixradzenin çalışdığı Gürcüstan millisi autsayder Cəbəlüttariq üzərində gözlənilən darmadağını edib - 4:0.
Bu matçda "İnter"in dayaq yarımmüdafiəçisi Nika Kvekveskiri 90 dəqiqə meydanda olub. O, 30-cu dəqiqədə Mate Vatsadzenin hesabı açmasında gözəl məhsuldar ötürmə ilə pay sahibinə çevrilib.
Sabiq "İnter"lilərdən Aleksandr Amisulaşvili də onun kimi matçı əvəzlənmədən keçirib. "İnter" və "Simurq"un keçmiş hücumçusu Baçana Tsxadadze meydana 73-cü dəqiqədə daxil olub. Bakı "İnter"i, "Bakı" və "Qarabağ"ın sabiq oyunçuları - Georgi Navalovski, Georgi Popxadze və Nikoloz Qelaşvili isə ehtiyatda qalıblar.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol