
Şuşaya – Beynəlxalq Media Forumuna dəvət almaq Şuşanı görmək qədər qürurlu, həyəcanlı, həm də ifadəolunmaz hiss idi. Çünki idman mediası əvvəllər irili-xırdalı, nüfuzlu-nüfuzsuz bütün tədbirlərdən kənarda qalıb, ögey münasibət görüb.
MEDİA (Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi) isə yarandığı gündən bu yadlığı aradan qaldırdı. Azərbaycan tarixinə düşəcək ilk Beynəlxalq Media Forumunun iştirakçıları arasında biz də olduq.
Foruma dəvət alanda Konfrans Liqasının Kiprdə keçiriləcək “Aris”- “Neftçi” matçında iştirakım dəqiqləşmişdi. Səfər proqramına görə oyundan dərhal sonra komanda Bakıya dönməli idi. Cəmi 1 saat vaxt qalırdı ki, təyyarədən enib terminalı dəyişək. Elə də oldu...
Görünməyən qüvvə - Təşkilatçılıq
Şuşa nağılını gerçəyə çevirən igidləri hava limanında görmək ayrı hiss idi. Qeyri-ixtiyari içindən gələn “əla” səsi bütün ruhunu titrədirdi. İşğaldan azad olunmuş torpaqlarda baş tutan hər bir tədbirin ən ali qonağı onlar olmalıdır. MEDİA bu ənənənin təməlini qoydu.
Səfər boyu təşkilatçılıq belə desəm, ipə düzülmüş muncuq kimi idi. İki yüzdən artıq media nümayəndəsinin hərəkət qrafiki qarışıqlıq olmadan həllini tapmışdı. Akkreditasiya kartını aldıqdan sonra səfər boyu bələdçiyə ehtiyac qalmırdı. Hansı nəqliyyat vasitəsinə əyləşəcəyini belə, soruşmağa ehtiyac yox idi. Buna baxmayaraq, hər qrupda, hər zaman yanında bir MEDİA nümayəndəsi görürdün.
“Sizinlə danışan Hikmət Hacıyevdir...”
Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə ayrılmış AZAL-ın ən böyük təyyarəsi – “Boeing Dreamliner” bizi gözləyirdi.
Təyyarə havalanandan bir müddət sonra hər kəsin çöhrəsində təbəssüm yaradan, sadə, səmimi bir səs gəldi. Təxminən belə: “Əziz dostlarım, həmkarlarım! Sizinlə danışan təyyarə kapitanı deyil! Sizin dostunuz, keçmiş həmkarınız Hikmət Hacıyevdir!” Hacıyevin bu çıxışı Milli Mətbuat Gününə hesablanmışdı. Təbii ki, bu cür bayram təbrikini eşitmək xoş idi.
Forumdan təəssürat və ya forumun uğura təsiri
Şuşa forumu “nə öyrəndim”, “nələri indiyə qədər edə bilmişəm”, “daha nələr etməliyəm”, “yerli və beynəlxalq təcrübənin fərqi nədir” və buna bənzər sualların cavabını vermək üçün media qurumunun özünün özünə hesabatıdır.
Forumdan sonra yaranan təəsüratım isə odur ki, bizim hələ gedəcək çox yolumuz var. Uğur isə çox uzaqda deyil, gördüyümüz işlərin paralelindədir. Elə MEDİA-nın hazırladığı sözlə ifadə olunmayan təbrik videoçarxında deyildiyi kimi, 147 yaşlı mətbuatımız Şuşada əyilmiş qəddini düzəltdi!
Sonda MEDİA-nın bütün əməkdaşlarını çətin, məsuliyyətli tədbiri layiqincə yerinə yetirdikləri üçün təbrik və təşəkkür edirəm.
Bakı- Kipr- Bakı- Füzuli- Şuşa- Bakı
Əli Sahib