
Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sabah Spor" saytı: "Qalatasaray"da Lukas Torreyra üçün geri sayım başladı. "Arsenal"ın uruqvaylı futbolçusu yaxın günlərdə İstanbul təmsilçisinə qoşulacaq".
"Fotomaç" saytı: "Beşiktaş" yeni mövsümün hazırlıqlarını davam etdirir. "Ağ-qaralar" "Qalatasarayın vingeri Sofyan Fequlini heyətinə qatmaq istəyir".
İnsayder Canluka Di Martsiodan xəbərlər:
"Qalatasaray" Dris Mertenslə ciddi maraqlanır".
"Cakomo Raspadori "Sassuolo"dan onu buraxmasını istəyib. Cakomo Çempionlar Liqasında oynamaq arzusundadır. İddiaçılar arasında “Napoli” və “Yuventus” da var. "Sassuolo" futbolçusu üçün ən azı 40 milyon avro istəyəcək".
"Spetsia" "Çelsi"dən İtan Ampadunu transfer etmək istəyir. Ötən mövsüm o, "Venesiya"da çıxış edib".
"Bolonya" hələ də Eldor Şomurodovu transfer etmək istəyir. Onlar “Roma” ilə razılaşmaq üzrədir".
"Liverpul" klubunun rəsmi saytı: "Portuqaliyalı futbolçu Dioqo Jota "Liverpul"la müqaviləsinin müddətini 2026/27-ci illər mövsümünün sonuna qədər uzadıb".
"Il Messaggero" nəşri: "Vulverhempton" "Roma"nın 27 yaşlı hücumçusu Eldor Şomurodovla maraqlanır".
Nikolo Skira, insayder: "Renatu Sanşeş PSJ-yə keçməyə qərar verib".
İnsayder Fabritsio Romanodan xəbərlər:
"Jorjinyo Veynaldum nəhayət ki, "Roma" ilə müqavilə imzaladı".
"Çelsi" çərşənbə axşamı gecə Mark Kukurelya üçün "Brayton"a 50 milyon funt sterlinqdən çox pul təklif edib. London təmsilçisi "Brayton"la razılığa gəlmək istəsə də, hələ rəsmi cavab yoxdur. İspaniyalı müdafiəçi "Çelsi"yə keçmək niyyətindədir.
Baş tutmuş transfer xəbərləri:
21 yaşlı belçikalı futbolçu Şarl De Ketelare Belçikanın "Brügge" klubundan "Milan"a keçib.
Transfer məbləği 32 milyon avro təşkil edən futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
23 yaşlı argentinalı yarımmüdafiəçi Qabriel Florentin "Argentinos Xuniors"dan "Orenburqa keçib. Transferin məbləği 500 min avro olan futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
28 yaşlı müdafiəçi Artur Masuaku "Vest Hem"dən "Beşiktaş"a keçib. Futbolçu 2022/23-cü illər mövsümünün sonuna qədər icarəyə verilib.
28 yaşlı norveçli yarımmüdafiəçi Fredrik Midşö "AZ Alkmaar"dan "Qalatasaray"a keçib. Transfer məbləği 3,5 milyon avro olan futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Emin Şəmsiyev