
“Lenovo” və “Neftçi” Peşəkar Futbol Klubu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İki brend arasındakı əməkdaşlıq yüksək performans və davamlı yenilik kimi ortaq dəyərlərin göstəricisi kimi qiymətləndirilir.
“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev yeni əməkdaşlıqla bağlı bunları qeyd edib:
“Azarkeşlərlə qarşılıqlı əlaqəni və komandanın inkişafını nəzərə alaraq, “Neftçi” PFK-nın yeni zirvələrə yüksəlməsi üçün futbol və texnologiya arasında əməkdaşlıq vacibdir. Biz “Lenovo” ilə əməkdaşlıqdan məmnunuq. Biz birlikdə “Neftçi”ni daha da texnoloji və mütərəqqi edəcək innovasiyaları stimullaşdıra bilərik”.
“Biz Azərbaycanın ən köklü futbol klublarından biri ilə əməkdaşlığımızla fəxr edirik. İdman zəfərlərinin uzunömürlü tarixi, mükafat və titulların böyük siyahısı, eləcə də “Lenovo” ilə ortaq dəyərlər bunun sponsorluqdan daha çox şey olduğunu söyləməyə imkan verir – bu həm meydanda, həm də meydandan kənarda uğur qazanmağa can atan qaliblərin əməkdaşlığıdır. Ağıllı texnologiyaların və innovativ məhsulların köməyi ilə “Neftçi” PFK rəqəmsal transformasiyaya doğru daha bir addım atır”, deyə “Lenovo” şirkətinin Mərkəzi Asiya üzrə baş direktoru Alnur Yermagambetov bildirib.
Əməkdaşlıq çərçivəsində, “Lenovo” “Neftçi” PFK-nı “Lenovo Tab P11” planşetləri kimi smart texnologiyalarla təmin edəcək. Bu planşetlər “Neftçi TV”nin verilişlərinin canlı yayımı, komandanın oyun və məşqləri zamanı, həmçinin klubun mətbuat konfransı zalındakı tədbirlərdə istifadə olunacaq.