Azərbaycan fiqurlu konkisürənləri Almaniyada keçirilən beynəlxalq yarışda iştirak edirlər
Fanat.Az xəbər verir ki, fevralın 2-də Almaniyanın Oberstdorf şəhərində keçirilən fiqurlu konkisürmə üzrə “Bavaria Open 2023” yarışında Azərbaycanı təmsil edən idmançılar öz çıxışlarına start veriblər.
Yarışda Azərbaycan tək konkisürmədə bir yeniyetmə idmançı, həmçinin buz üstündə rəqs növündə 1 yeniyetmə cütlük və 2 böyük cütlükdən ibarət komanda ilə təmsil olunur.
İdmançılarımız arasında Səbinə Əliyeva tək konkisürmədə qısa proqram üzrə çıxış edərək 45,36 xal toplayıb və 19 idmançı arasında 4-cü olub. Bu gün Səbinə Əliyevanın sərbəst proqram üzrə çıxışı nəzərdə tutulub.
Həmçinin buz üstündə rəqs növündə yeniyetmə cütlüyümüz Anna Obrien və Stiven Vey ritm rəqs üzrə öz çıxışlarını edərək yüksək nəticə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki yarış fevralın 5-dək davam edəcək.