
AFFA İcraiyyə Komitəsinin fevralın 3-dəki qərarına əsasən, 2025/2026 mövsümündə Misli Premyer Liqasında oynayan yerli futbolçulara görə maliyyə təşviq mexanizmi tətbiq edilib.
Fanat.Az çempionatın yekununa əsasən bonus bölgüsünün nəticəsini öyrənməyə çalışıb.
Klublar artıq bu barədə məlumatlı olsalar da, nə sirrdirsə, qazanclarını bizimlə bölüşməkdən ehtiyatlandılar. Üstəlik, Peşəkar Futbol Liqası da bu barədə sorğumuzu cavabsız qoydu. Bu səbəbdən öz mənbələrimizi işə salıb bəzi klubların gəlirləri ilə bağlı müəyyən rəqəmlər əldə edə bilmişik.
Bəribaşdan qeyd edək ki, maliyyə təşviq mexanizminə görə, klubların legioner futbolçular üçün ödədiyi rüsumun ən azı 1 milyon avroluq hissəsinin yerli futbolçulardan istifadə göstəricilərinə uyğun şəkildə klublar arasında bölüşdürülməsi nəzərdə tutulsa da, sonradan ümumi məbləğ 2 dəfədən çox (təxminən 2,5 milyon manat) artırılıb.
Xüsusi hesablama qaydasına əsasən, ən böyük məbləğ gözlənildiyi kimi, yerli futbolçulara daha çox güvənən “Qəbələ” klubuna çatıb. Qış fasiləsinə qədərki hesablamamıza əsasən Kaxaber Tsxadadzenin yerlilərə ardıcıl olaraq güvənməsi debütantı bu mənada digərləri üçün əlçatmaz edəcəkdi ki, ehtimalımız özünü doğruldub. Sözügedən klubun bonus qazancı təxminən 400 min manata çatıbb. Üstəlik, siyahıda ilk yeri tutduğu üçün bölgə təmsilçisi əlavə 50 min manat bonus da əldə edib. Beləliklə, “qırmızı-qaralar”ın ümumi qazancı təxminən 450 min manat civarında olub.
Digər klublara gəlincə, artıq istefaya göndərilən Saşa İliçin yerli futbolçulara çox şans verməsi "Sumqayıt"ı maddi planda irəli salıb. "Kimyaçılar" AFFA-dan təxminən 300 min manat gəlir əldə ediblər.
"Bonus fondu"ndan "Şamaxı"ya 270 min civarında pay düşüb. "Aslanlar" 16 yerli oyunçuya görə bu qədər irəli düşüblər.
Premyer Liqada yerini qorumağı bacaran "Kəpəz" çempionatda hamıdan çox yerli futbolçu oynadıb. İyirmi iki azərbaycanlıya şans verən qərb təmsilçisi bu mənada ilk sıradadır. Ancaq onların yarısının oyun sayı heç ikirəqəmli saya çatmayıb və bu üzdən Gəncə təmsilçisi sıralamada ön yerləri tuta bilməyib. Beləliklə, "Kəpəz" təxminən 250 min manat bonus əldə edə bilib.
Mövcümü iki mütəxəssisin (Elmar Baxşıyev - 16 oyun, Andrey Demçenko – 17 oyun) rəhbərliyi altında keçirən "Araz-Naxçıvan"da nəticə ürəkaçan olmasa da, dəyişməyən reallıq yerlilərə olan güvəndir. Düzdür, Muxtar Respublika təmsilçisi çempionat ərzində cəmi 11 azərbaycanlı futbolçunun xidmətindən yararlanıb. Ancaq onların əksəriyyətinin əsas heyətdə müntəzəm oynaması əmsalda nəzərə alınıb və nəticədə bonus payı 220 min civarında olub.
"İmişli" klubundakı mənbədən əldə etdiyimiz məlumata görə, klub debüt mövsümündə yerli oyunçuların sayəsində 160 min manatdan çox qazanc əldə edib.
Yekunlaşdırsaq, Premyer Liqa təmsilçilərinin yarısının - 6-nın ümumi qazancı təxminən milyon yarımdan çox edib. Hesablamamıza görə, klubların qalan yarısının payına nisbətən az pay düşüb.
Mirağa