
"Barselona" ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Frenki de Yonqun sağ ayağının diz bağının qopduğu aşkarlanıb.
"Blaugrana" klubu rəsmi saytı vasitəsilə məlumatı təsdiqləyib: "Aparılan testlər onun sağ dizindəki medial kollateral bağın qırılmasından əziyyət çəkdiyini müəyyən edib. Qərara alınıb ki, oyunçu yaxın həftələrdə vəziyyəti yaxşılaşana qədər müalicəsini və tibbi monitorinqini davam etdirsin".
Bu, niderlandlı futbolçunu təxminən dörd aydan artıq müddətdə yaşıl meydanlardan uzaqda saxlayacaq. Başqa sözlə, böyük ehtimalla ulduz futbolçu ili erkən başa vurub.
De Yonq milli komandada aldığı zədə ilə bağlı "İnstaqram" səhifəsində emosiyalarını belə ifadə edib:
"Günlərlə haqqımda yazılanlara əhəmiyyət vermədim. Lakin ətrafındakı davamlı şayiələrdən sonra şəxsən müdaxilə etmək ehtiyacı hiss etdim. Çünki yalan xəbərlərə görə insanlar mənim "Barselona"ya olan sadiqliyimi şübhə altına alırdı. Futbol mənim üçün hər şey deməkdir. Mən indiyə qədər "Barselona" və milli komandam üçün hər şeyimi vermişəm.
Dünya çempionatı zamanı dizimdən zədə aldım. İlkin müayinələrdən sonra mənə bunun kiçik bir problem olduğu və bir az ağrı ilə yaşayaraq oynamağa davam edə biləcəyim deyildi. Klinik mənzərə yalnız yay tətili zamanı Barselonada aparılan əlavə müayinələrdən sonra dəyişdi. Tətil zamanı aparılan testlər zədənin gözləniləndən daha ciddi olduğunu göstərdi. Xoşbəxtlikdən, əməliyyata ehtiyac olmayacaq və indi mümkün qədər tez meydana qayıtmaq üçün tamamilə sağalmağa diqqət yetirirəm. Mümkün olan ən yaxşı formaya qayıtmaq üçün hər gün çalışıram. Bu forma, azarkeşlər və komanda yoldaşlarım üçün hər şeyimi verməyə davam edəcəyəm".
Frenki De Yonq 2019-cu ilin yayından - "Barselona"ya gəlişindən bəri 250 oyun keçirib. Yarımmüdafiəçi "Blaugrana"da üç La Liqa titulunu, iki İspaniya Kubokunu və üç İspaniya Super Kubokunu qazanıb.
Mirağa