
“Neftçi”nin qadın futbolçulardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcək.
Yunanıstanın Veria şəhərində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 19:30-da başlanacaq. Oyunu Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun yarımfinalında Monteneqronun “Buduçnost” komandası ilə qarışılaşıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Neftçi” 4:3 hesablı qələbə qazanaraq finala yüksəlib.
PAOK - "Neftçi" duelinin qalibi II təsnifat mərhələsinə yüksələcək.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, final
25 iyul
19:30. PAOK – (Yunanıstan) - "Neftçi" (Azərbaycan)
Hakimlər: Oksana Kruk, Valentina Zop (hər ikisi Moldova), Luis Akosta, Marta San Xuan (hər ikisi Andorra).
Yunanıstan. Veria Munisipal Stadionu.