
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycan Premyer Liqasında yeni mövsüm ötən gün başladı. Sözsüz ki, hazırda bütün diqqətlər elita təmsilçilərinin startdakı performansına yönəlib. Buna əsasən hər kəs mövsümlə bağlı proqnozlar verməyə çalışacaq. Ancaq 1-ci Liqanı da diqqətdən kənarda qoymaq olmaz. O liqanı ki, iştirakçıları hələ hazırlıq keçirlər. Bununla belə, transfer və digər fəaliyyətlərinə əsasən kimin nəyə qadir olduğu, ən azından iddialarının imkanları ilə nə qədər üst-üstə düşdüyü barədə mülahizə yürütmək olur.
Azərbaycan 1-ci Liqasında yeni mövsüm sentyabrın 3-də start götürəcək. Yenə 10 komandanın iştirakı ilə baş tutacaq çempionatın yetərincə gərgin alınacağını söyləmək o qədər də çətin deyil. Ötən mövsüm olduğu kimi, yenə "birincilər"in sıralarında 4 komandanın elita uğrunda mübarizəyə hazırlaşdığını, liqanın gərgin və maraqlı alınacağını indidən proqnozlaşdıra bilərik.
Yenilənən "Səbail"
Ötən mövsüm Premyer Liqaya dönüşü son turlarda təxirə düşən "Səbail" taleyi ilə barışmaq niyyətində deyil. "Dənizçilər" büsbütün - rəhbərlikdən tutmuş, baş məşqçiyə və futbolçulara qədər, demək olar "sıfır"dan qurulub. Mirzə Bayrampur klubun prezidenti vəzifəsinə təyin olunub. Artıq məlumdur ki, klub növbəti mövsümdən Qubanı təmsil edəcək. Bu istiqamətdə təşkilati işlər davam etdirilir. Büdcə də artırılaraq 2 milyon manata yaxın olub. Baş məşqçi postunda isə Adil Şükürovu "Şahdağ Qusar"da uğurli fəaliyyəti ilə yadda qalan Elnur Abdullayev əvəzləyib.

Heyətə gəlincə, sabiq kapitan Rahid Əmirquliyevin geri dönüşü, "Araz-Naxçıvan"dan Slavik Alxasovun, "Kəpəz"dən Ehtiram Şahverdiyevin, "İmişli"dən Abbas Ağazadə və Ezekiel Morqanın, Premyer Liqada “Şamaxı” və “Zirə”nin formasını geyinmiş Fuad Bayramovun, “Karvan Yevlax”dan Eltun Turabov və Vüsal Məsimov, o cümlədən Mehdi Cənnətov kimi adların, son olaraq daha 4 legionerin keçidi çox şeydən xəbər verir. Üstəlik, komanda hazırda Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışındadır. "Səbail" şübhəsiz, çempionluğa əsas favoritlərdəndir.
MOİK-in büdcəsi də artıb, iddiası da
MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurdu. Klubun bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək onu postunda saxlamağı uyğun saydı. Üstəlik, rəhbərlik büdcəni və heyəti genişləndirərək Yadullayevin "əlini daha da gücləndirib". "Turan Tovuz"dan ayrılan müdafiəçi Şəhriyar Əliyevin Premyer Liqanın aşağı pillələrində qərarlaşan klublarından aldığı bir neçə təklifi geri çevirib "nazirlik təmsilçisi"nə keçməsi çox şeydən xəbər verir. Təqribən milyonyarımlıq büdcəyə güvənən "hərbçilər" ötən mövsümü “Şəfa”da keçirmiş və komandanın Premyer Liqaya yüksəlməsində əsas pay sahiblərindən olmuş Emin Zamanovla Ruslan Hacıyevi, o cümıədən, "Quba"nın qoleadoru Vidadi Cəfərovu, "Baku Sportinq"dən Elşad Tağıyevi, qapıçı Kamran İbrahimovu sıralarına cəlb edib. Artırılan büdcə fonunda iddası da yüksələn, sayılıb-seçilən oyunçulardan təşkil edilən komanda hazırlığa da gecikmədən start verib və bir neçə sınaq matçı keçirib. MOİK-in növbəti mövsümdə ev oyunlarını Xankəndində keçirmək istəyi də xoş yenilikdir.
Füzuli Məmmədov "Şahdağ Qusar"ı Premyer Liqaya kökləyib
Ötən mövsümün ikinci yarısını kifayət qədər yaxşı keçirməsinə və çempionatı ilk "5-lik"də bitirməsinə baxmayaraq, Elnur Abdullayevlə yollarını ayıran "Şahdağ Qusar"ın baş məşqçi postuna Füzuli Məmmədovu gətirməsi şimal təmsilçisinin iştahından xəbər verir. Elə "Karvan-Yevlax"ı elitada saxlaya bilməyən Məmmədovun da iddası bu amala xidmət edir.

Yerli futbolçulardan Vüqar Həsənov, Gülağa Əsədov, Mehrac Baxşalı, Həzrət İsayev kimi adları sıralarına qatan “Şahdağ Qusar” bir neçə legionerlə də güclənib. Konkret, 1-ci Liqa təmsilçisi anqolalı yarımmüdafiəçi Joze Kristovao Zengo və kamerunlu orta sahə oyunçusu Arsene Daudanı heyətinə qatıb. Yeni mövsümə hazırlıq üçün Şamaxını məkan seçən komanda bir neçə yoxlama görüşü keçirib ki, rəqiblər arasında "Neftçi" də var (1:3).
"Karvan-Yevlax" 1-ci Liqada çox qalmaq niyyətində deyil
Debüt mövsümündə Premyer Liqada sonuncu yeri tutaraq 1-ci Liqaya yuvarlanan "Karvan-Yevlax" yenidən elitaya dönməyi hədəfləyir. Sözsüz ki, ilk növbədə Ramiz Məmmədov amili qeyd olunmalıdır. Ötən mövsüm onun baş baş məşqçi olduğu "Mİngəçevir" yalnız "Şəfa"dan geri qaldı. "Səbail", "Baku Sportinq" kimi iddialıları qabaqlayan "işıqçılar" sonda Premyer Liqa uğrunda pley-off matçına da vəsiqə qazandı. O başqa məsələdir ki, qüvvələr münasibətinin eyni olmadığı mübarizədə "Qəbələ" ilə bacarmadılar.
Yayda "Karvan-Yevlax"ın sükanı arxasına keçən Məmmədov heyəti komplektləşdirməkdədir. "Şəfa"dan qolçu-hücumçu İbrahim Əliyevin, "Səbail"dən təcrübəli forvard Ruslan Vorontsov, yarımmüdafiəçi Turan Vəlizadə və müdafiəçi Sadiq Quliyevin gəlişi, qapıçılar Orxan Sadıqlı və Rüstəm Saqullinin transferi, Premyer Liqadakı heyətdən Peter Kinqs ilə Samir Abdullayevin komanda ilə müqaviləsini uzatması "Karvan-Yevlax"ın zəifləməsinin qarşısını alıb. Heyət və baş məşqçi amili, üstəlik Premer Liqa təcrübəsi iddialı olmağa imkan verir. Bir neçə yodaşlıq görüşü keçirən Aran təmsilçisi "İmişli" ilə bərabərə (1:1) qalıb, "Kəpəz"ə uduzub (1:2), "Mingəçevir"ə isə böyük hesabla (3:0) qalib gəlib.
Dörd ortabab, iki autsayder var
"Zaqatala", "Mingəçevir", "Gəncəbasar", "Şimal", "Xankəndi" və "Baku Sportinq"in çempionluğa oynamayacaqları dəqiqdir, amma bu komandalar arasından da ortabablarla aşkar autsayderləri ayırd etmək daha çox münəccimlik etmək cəhdinə bənzəyər. Bununla belə, ad dəyişikliyinə məruz qalaraq "Cəbrayıl"ın varisinə çevrilən "Gəncəbasar", sponsorunun imtinasından sonra aşağı liqa klubları üçün ayrılan standart büdcənin ümidinə qalan "Baku Sportinq, həmçinin debütant "Xankəndi" və iddiası zəifləyən "Mingəçevir" daha çox ortabab statusuna uyğun gəlir.
"Zaqatala" ilə "Şimal"ın isə başqalarından geri qalacağını düşünmək olar. Rüstəm Məmmədovun öz istəyi ilə iddiasız "Zaqatala"dan ayrılması, onu Rakif Əliyevin əvəzləməsi qeyd olunmalıdır. Ötən mövsüm liqada yerini çətinliklə qoruyan "Şimal"da isə müsbət irəliləyiş gözə dəymir. Bununla belə, "sirli qutu" sayılan, hələ bir rəsmi matçını izləmədiyimiz kollektivlərə indidən autsayder damğası vurmaq peşəkarlığa sığmaz. Bizə gözləmək qalır.
İlk turun təqvimi maraqlı start vəd edir
Liqanın ilk turunun təqvimi maraqlı başlanğıc vəd edir. MOİK-in "Şahdağ Qusar"la görüşü mərkəzi qarşılaşma qismində diqqətləri üzərinə çəkəcəksə, “Baku Sportinq” in “Karvan-Yevlax”la, “Xankəndi”nin isə “Səbail” dueli də sıradan matç olmayacaq.
Təqvim belədir:
1-ci Liqa
1-ci tur
3-5 sentyabr
MOİK - “Şahdağ Qusar”
“Şimal” - “Gəncəbasar”
“Xankəndi” - “Səbail”
“Mingəçevir” - “Zaqatala”
“Baku Sportinq” - “Karvan-Yevlax”
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
