
Qazaxıstan milli komandasında qapıçı mövqeyində Stas Pokatilov və Temirlan Anarbekov arasındakı rəqabət son dövrdə xüsusi maraq doğurur.
Fanat.Az xəbər verir ki, "Sabah"ın şərəfini qoruyan Pokatilov böyük təcrübəsi ilə seçilirsə, Anarbekov "Kayrat"dakı çıxışı ilə Qazaxıstan futbolunun əsas gələcək vədlərindən birinə çevrilib.
Pokatilov milli komandanın heyətində 26 rəsmi oyunda meydana çıxaraq beynəlxalq təcrübə baxımından rəqibini xeyli üstələyir. Lakin təcrübəli çərçivə qoruyucusunun millidəki son dönəmi o qədər də aktiv keçməyib. O, 2025-ci ildə Uels, Lixtenşteyn və Şimali Makedoniya ilə qarşılaşmaların iştirak ərizəsində yer alsa da, şans qazanmayıb.
Anarbekov isə "Kayrat"ın Çempionlar Liqasında çıxışı zamanı inamlı oyunu ilə diqqət çəkib. Gənc qapıçı 2025-ci ildə "Olimpiakos"la qarşılaşmada göstərdiyi performansla UEFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilərək bunu bacaran ilk qazax oyunçu kimi tarixə düşüb.
Hazırda "Sabah"ın Avropa arenasındakı uğurlu yürüşü Pokatilovun milli komandadakı iddialarını daha da gücləndirir. Qazaxıstan millisinin baş məşqçisi Con van't Sxip qarşıdakı oyunlarda çətin seçim qarşısındadır: niderlandlı mütəxəssis ya təcrübəli Pokatilovun güvənini, ya da gənc Anarbekovun dinamikasını seçməlidir.
Nəticə etibarilə, Qazaxıstan millisində "1 nömrə" uğrunda mübarizənin növbəti toplanışda daha da qızışacağı şübhə doğurmur.
Kamil Xudiyev