
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel Beer-Şeva" ilə qarşılaşır.
Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb Azərbaycan çempionunun cavab oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlklərə imza atan "Sabah" bu gün uğurlu nəticə ilə hamını sevindirəcək. Rəqib çox güclüdür. Ancaq komandamızın potensial imkanı əl verir ki, bu oyunda qələbə qazansın. Ağır görüş olsa da, "Sabah" sübut edib ki, müsbət nəticə əldə etmək olar. Tahir Gözəl də öz müsahibəsində hər iki ölkə təmsilçimizə uğurlar arzuladı və mən də düşünürəm ki, "Sabah"ın bu gün qalib gəlməsi, "Qarabağ" üçün də motivasiya yaradar. Hansı hesab olursa olsun, lakin bizim qalibiyyətimizlə yekunlaşsın. Çətin bir sınaq təmsilçimizi gözləyir, ancaq "Sabah" geridönüş etməyi bacaran komandadır. Bu gün də inanıram ki, müsbət sonluq olacaq".
Qeyd edək ki, tərəflər arasında görüş bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və start fiti saat 20:45-də səsləndiriləcək. "Sabah" ilk matçda 1:2 hesabı ilə məğlub olub.
Əlisahib İbrahimli