
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel Beer-Şeva" ilə qarşılaşır.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"ın cavab matçı barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Maraqlı görüş olacaq. Birinci oyun onu göstərdi ki, "Sabah"ın kifayət qədər qol epizodu olur. Sadəcə, reallaşdırmaqla bağlı çətinlik yaşadılar. Amma ümidsiz deyilik. İlk matçda gördük ki, rəqibi əks-hücumlarda yaxalaya bilərik. Pressinq edərək, yaxşı vəziyyətlər yaratmaq olar. Vurduğumuz qola baxası olsaq, rəqibi əks-hücumda tutub fərqləndik. Ehtiyatlı da olmaq lazımdır. Rəqibin texnikalı oyunçuları var. "Birə-bir"lərdə keyfiyyətli futbolçulara malikdirlər. Bu cür rəqibə qarşı daha kompakt, sığortalı oynamaq vacibdir. Komandamız qol imkanları yarada biləcək. "Sabah"ın cinah müdafiəçiləri aktiv oynayırlar və vingerlər daha sərbəst qalır. Bu cür açılmalara pas verən oyunçulara da sahibdirlər. Məsələn, Aleksey İsayev bu cür futbolçudur. İvan Lepinitsa da həmçinin. Sadəcə, bu epizodları reallaşdırmaq lazımdır. Oyundan çox ümidliyəm. Düzdür, rəqib güclüdür. Boşluqlar yarana və qarşı tərəf bunlardan istifadə edə bilər. Bunlara diqqət yetirmək önəmlidir. Qələbə üçün hər iki komandanın şansı yüksəkdir. Həlledici məqamlar, xırda detallar olacaq. Kim səhv edəcəksə və kim kiçik səhvlərdən istifadə etməyi bacaracaqsa, o, turu keçən tərəf olacaq."
Qeyd edək ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 20:45-də səsləndiriləcək.
Əlisahib İbrahimli