
"Fənərbağça"nın baş məşqçisi İsmayıl Kartal dünən "Olimpik Lion"la oyunda qazanılan qələbədən (2:1) sonra "beIN SPORTS"a danışıb.
Fanat.Az xəbər verir ki, komandası Liqa mərhələsinə vəsiqə qazanan çalışdırıcı təəssüratlarını belə bölüşüb:
"Gecə-gündüz "Fənərbağça"nın necə daha yaxşı futbol oynaya biləcəyi barədə düşünürəm. Oyunçular bizə inanır və etibar edirlər. Buna birlikdə nail olduq. Futbolçular məşqlərdəki yenilikləri və dünya futbolundan geri qalmadığımızı görürlər. Onlar başa düşürlər ki, biz heyət olaraq bu çağırışa hazırıq. Oyunçularla aramızda heç bir problem yoxdur və onlar bizə böyük hörmət bəsləyirlər. Nə deyə bilərəm... Futbolçularımı təbrik edirəm. Bu, "Fənərbağça" azarkeşləri və Türkiyə futbolu üçün çox vacib idi. Bu qələbə bizə həm maliyyə, həm də liqada çempionluq mübarizəsi baxımından motivasiya verəcək. Çox təmkinli idik. Cəsarətlə, qorxmadan oynadıq. İkinci hissənin əvvəlində daha 3-4 real qol şansımız oldu. Penalti epizodu verilsəydi, matçın taleyi həll olunacaqdı. Bu qədər ildən sonra burada qalib gəlmək və Çempionlar Liqasına vəsiqə qazanmaq qürurvericidir. İlk oyunda azarkeşlərimizin qarşısında fərqli nəticə əldə edə bilərdik. Demişdim ki, bu cür qarşılaşmalar iki mərhələdən ibarətdir. Həmin oyuna daha cəsarətli çıxsaydıq, vəziyyət fərqli ola bilərdi. Anlamaq istəyənlər anladı, istəməyənlər isə bizi sərt tənqid etdi. Bunun fərqi yoxdur. Çox çalışırıq. Bilirdik ki, bu heyətlə Çempionlar Liqasına vəsiqə qazana bilərik".
Əlisahib İbrahimli