
"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Hapoel"ə (Beer-Şeva) qalib gələrək (5:2) Liqa mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"ın qələbəsi və liqa mərhələsindəki perspektivi barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Çətin oyun olacağını əvvəldən təxmin etmişdik. Birinci matç göstərmişdi ki, rəqibimiz oynamağı bacaran komandadır. Görüşə yaxşı başlaya bilmədik. Çünki ilk dəqiqələrdən iki top buraxdıq. Biri ofsayt oldu, ancaq digəri qapıçımızın kobud səhvindən irəli gəldi. "Sabah"ın bu oyunda da çoxlu qol imkanları olacağını gözləyirdik. Səfərdəki matçda da çoxlu epizodlarımız olmuşdu. Sadəcə, fürsətlərdən yararlanmaqda çətinlik çəkirik. Bu oyunda kimlər cüzi səhvlərə yol verəcəkdisə, məğlub olacaqdı. Belə də oldu. Hər iki tərəf xətalardan yaxşı istifadə etməyi bacarırdılar. Sonradan daha diqqətli oynamağa başladıq. Son saniyələrdə qol vurmağı bacardıq. "Qarabağ"da da son dəqiqədə Bəhlul Mustafazadə fərqlənmişdi, indi isə Tellur Mütəllimov qol vurdu. Sevindirici məqam ondadır ki, hər ikisi yerli futbolçulardır. Uzatma dəqiqələrində artıq "Sabah"ın qələbə qazanacağı şübhəsiz idi. Rəqib son dəqiqələrdə buraxdığı topa görə psixoloji olaraq sınmışdı. "Hapoel" oyunçuları artıq əsəblərini qoruya bilmirdilər və qırmızı vərəqələr aldılar. "Sabah" tarixində ilk dəfə ÇL-in liqa mərhələsində iştirak edir. Beləliklə, ÇL-in liqa mərhələsində iki komandamız iştirak etmiş olacaq. Böyük bir tarixə imza atdılar. Əsas mərhələdə nə edə biləcəklərini deyə bilmərəm. Çünki bu, rəqiblərdən də asılıdır. Dünya səviyyəli komandalar da gələ bilər. "Qarabağ"la müqayisə edəsi olsaq, Ağdam klubunun təcrübəsi var idi. Ancaq "Sabah"ın ilk sınağıdır. Tək öz gücümüzü nəzərə almaq yaxşı olmaz. "Sabah"ın hansı rəqiblərlə oynayacağı çox vacibdir. Biz İspaniya, İngiltərə və ya Fransa komandalarından biri deyilik ki, rəqib fərq etməsin. Üzümüzə gələn yeni ilə qədər gözəl bir futbol bayramı bizi gözləyir. Ümid edirəm ki, "Qarabağ" da qələbə qazanar".
Əlisahib İbrahimli