
Misli Premyer Liqasında 5-ci tura yekun vuruldu.
Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb oyunlar barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İmişli" və "Neftçi" matçında qonaqlar söz sahibi olduğunu ilk dəqiqələrdən göstərdi. Lakin "Neftçi" qollar vurduqdan sonra boşluqlar da verməyə başlayır. Həvəsli olan "İmişli" bu fürsətlərdən yararlanmağı bacardı. Ancaq sonda keyfiyyət özünü göstərdi. Oyundan-oyuna daha üstün "Neftçi" görəcəyik.
"Kəpəz" - "Qəbələ" matçına gəlincə, maraqlı görüş baş tutdu. Ev sahibi komandanın əsas məqsədi Premyer Liqada qalmaqdır. Onlar öz mübarizliyi hesabına müsbət nəticə əldə etdi. Burada qazanılan 3 xal çempionatın sonunda da öz xeyrini verəcək. "Qəbələ" yaranan gündən öz gücünü sübut etməyə çalışır. Simasını geri qaytarmaq istəyir. Ancaq "Kəpəz"in meydanından xal almaq çətin məsələdir. Çünki onlar 11 yox, 12 nəfərlə mübarizə aparırlar.
Daha bir matç "Sumqayıt" və "Şamaxı" arasında keçirildi. Ev sahibi istəklidir. Ancaq sona qədər davam edə bilmirlər. "Şamaxı"nın mübarizəsi diqqət çəkdi. Azər Bağırov nizam-intizamlı komanda yaradıb. Qonaqlar üçün önəmli xal idi.
"Araz-Naxçıvan" ilə "Turan-Tovuz"un duelində qonaqlar təəccübləndirməyə davam etdi. Turun əvvəllərindən elə rəqiblərlə düşmüşdü ki, məğlubiyyətsiz davam edə bilərdi. Hələki, məqsədinə nail ola bilməyib. Yaxşı rəhbərliyi var. Öz sözlərini deməyə vaxt tapacaqlar. Belə desək, bu görüşdə "Araz-Naxçıvan" önəmli xal əldə etdi.
"Zirə" - "Qarabağ" matçı maraqla gözlənilən oyun idi. Ağdam təmsilçisi yeni heyətlə mübarizə aparır. "Zirə"də isə hər şey qaydasındadır. "Sabah"a qarşı məğlub olsa da, Rəşad Sadıqovun kollektivi zirvəyə oynamağa potensialı olan komandadır. "Zirə" və "Qarabağ" matçı ədalətli nəticə ilə başa çatdı.
"Şəfa" doğma meydanda "Sabah"la qarşılaşdı. Favorit qonaqlar idi. "Sabah"ın yaxşı oyun üslubu var. Sürətli və dinamik görüş keçdi. İkinci hissə "Sabah" rahat oynadı. Hər oyun gücü qorumaq lazımdır. Belə getsə, çempionatımızın da səviyyəsi get-gedə artacaq".
Əlisahib İbrahimli