
Misli Premyer Liqasının 6-cı turunun açılış matçında “Neftçi” səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, oyundan sonra "ağ-qaralar"ın yay transferi, 29 yaşlı müdafiəçi Endryu Qravilyon əməkdaşımıza müsahibə verib.
-Oyunu necə dəyərləndirirsiniz?
-Bizim üçün çox yaxşı görüş oldu. Ardıcıl üçüncü qələbəmizi qazandıq. İndi üç xal əldə etmişik və bunu qoruyub davam etdirməliyik. Qarşıdakı beş gün ərzində dincəlməliyik. Daha sonra geri qayıdaraq səhvlərimizi nəzərdən keçirib növbəti matça hazırlaşmalıyıq. Düşünürəm ki, çox yaxşı oynadıq və digər matça hazırlaşmaq üçün kifayət qədər vaxtımız olacaq.
-Bu qələbənin “Neftçi”nin 1000-ci matçında əhəmiyyəti nədir?
-Düşünürəm ki, bu, klub, tarixi, burada uzun illər çalışan insanlar və onların ailələri üçün çox yaxşı qələbədir. “Neftçi” Azərbaycanın böyük klubudur və çox yaxşı tarixə malikdir. Bu gün qazandığımız qalibiyyətin hər kəs üçün çox önəmli olduğunu düşünürəm.
-“Neftçi”nin turnir cədvəlində mövqeyini və komandanın hazırkı durumunu necə qiymətləndirirsiniz? Qarşıdan "Sabah" matçı gəlir təxirə salına bilər nə düşünürsünüz?
-Hazırda diqqətimizi öz komandamıza və gördüyümüz işə yönəltməliyik. “Sabah” “Sabah”dır, “Neftçi” isə “Neftçi”. İndi gördüyümüz işi davam etdirməliyik. Bu, hər kəs üçün çox yaxşıdır.
-Son oyunlarda heyətdə özünüzə daha çox yer qazanmısınız və bu haqda nə düşünürsünüz?
-Bu futboldur. Komandada 20-25 futbolçu var və hər kəs oynamalıdır. İndi mənim şansım gəlib və bu şansı qorumaq mənim işimdir.
Əlisahib İbrahimli