
Misli Premyer Liqasının 6-cı turunda “Kəpəz” doğma meydanda “Sumqayıt”la qarşılaşıb.
Fanat.Az xəbər verir ki, tərəflər arasında qalib müəyyənləşməyib və görüş 1:1 başa çatıb.
Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
Maraqlı matç oldu. Düşünürəm ki, azarkeşlərimiz bu görüşdən həzz aldılar. Bu oyundan qələbə qazanmaq istəyirdik. Bir xal da bizim üçün önəmlidir. Gəncə azarkeşlərinə təşəkkür edirəm. Yaxşı şəkildə bizləri dəstəklədilər. Oyunçularıma da təşəkkür edirəm. Sayılmayan qolumuzdan sonra psixoloji cəhətdən zəiflik yarandı. Qələbə qazana bilərdik. Komandamdan razıyam. Lakin çalışmaq lazımdır.
-Sayılmayan qola təkrar baxıldı? Nə düşünürsünüz bu barədə?
-Vaxt edib baxa bilməmişəm. Hakim belə qərar veribsə, yəqin ki, düzgün qərardır.
-“Kəpəz” 4 matça çıxdı. Bu oyunlardan qazanılan xallar sizin üçün yetərli oldu?
-Komandamız yenidən qurulur. Bu isə biraz çətindir. Stabillik gətirməyə çalışırıq. Hər matça qələbə üçün çıxırıq. 7 xal bizim üçün yaxşıdır.
-“Kəpəz” öz xarakterini meydanda göstərdi. Komandanız ilk dəfə geridönüş etməyi bacardı. Bu sizin rəhbərliyinizdə oldu. Nə düşünürsünüz?
-Bu statistikanı bilmirdim. Komanda bu gün həqiqətən də yaxşı mübarizə apardı. Son vuruşlarda problemlərimiz var. “Sabah” oyunundan başqa bütün matçlarda qol vurmuşuq. Yekun vuruşlarda oyunçularımızda təcrübə çatmır.
-Gözlənilənin əksi olaraq, 7 xal toplamısınız. “Kəpəz”ə və Azər Məmmədova qarşı kiçik bir kompaniya başladılıb. Sizə mənfi paylaşımlar edilir. “Gəncəbasar”ın adından da istifadə edirlər. Nə düşünürsünüz?
-“Gəncəbasar”ın yaranmasında ən çox sevinən tərəf mənəm. Eyni şəhərin komandalarının yaxşı olması üçün çalışmalıyıq. “Kəpəz” Gəncədə həmişə bir nömrə olub. Azarkeşlər üçün də bu belədir. Statistikaya qayıtsaq, komandanın kiçik də olsa, bu uğuruna sevinmək lazımdır. Dəstəyə ehtiyacımız var. Biz buna layiqik.
-Gəncə stadionunda olan atmosferi futbolçular dərk edir. Oyunçulardan nəticə gözlənilir. Futbolçular həyəcanı üstündən atıb?
-Oyunçularla danışdım. Azarkeşlərin matçdan həzz almalı olduğunu söylədim. Bu qədər azarkeşin olmağı Azərbaycan futboluna rəng qatıblar. Düşünürəm ki, milli fasilədən sonra biz daha da yaxşı hazırlaşıb, növbəti matçlarda yaxşı oyunlar oynayacağıq.
-Adama Fofana ilə psixoloji söhbət edib, son epizoddan oyatmaq üçün nə edəcəksiniz?
-Düzünü desəm mən də bacarmıram. Hər şey etməyə çalışır. Aqressiyasını danışmasa çıxarda bilmir.
-Artıq bütün ölkə Gəncə azarkeşlərindən danışır. “Kəpəz” əvvəlki kimi titullarla oynayan komanda deyil. Premyer Liqada yeri qorumaq yeganə hədəfdir? Yoxsa başqa planlar var?
-Bizdə yeni komanda yığılıb. Bir az zamana ehtiyacımız var. Beş ildir ki, bu klub hər il dağılıb yenidən qurulur. Əvvəlki “Kəpəz”i gətirmək çətindir. Müəyyən etaplarla gücləndirmək lazımdır. Bu proses bir qədər düşündürücüdür.
-Rəqib məşqçi oyun gedişindən fit səslənməyi barədə danışdı. Bu amil bilərəkdən edilir? “Kəpəz” rəhbərliyi bunun qarşısını alacaq?
-Fiti mən də eşidirdim. Bu hər iki komanda üçün probıemdir. Onu axtarıb tapmaq da çətindir. On beş minlik azarkeş tərəfindən edilir buna nə edə bilərik? Hər iki komandaya təsir edir.
Əlisahib İbrahimli