
Misli Premyer Liqasında 6-cı turun oyunlarına yekun vurulub.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb komandalardan gözləntilərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Turniri artıq iki hissəyə bölmək olar. Bunu çempionatdan əvvəl də təxmin edirdim. Yəni potensialına, maliyyə durumuna və dayanıqlığına görə çempionatımızı iki hissəyə bölmək mümkündür. İlk "5-lik"də olan komandalarımız "Sabah", "Qarabağ", "Neftçi", "Turan Tovuz" və "Zirə"dir. Bu komandaların həm keçən çempionatdakı sabit çıxışı, həm maliyyə durumları, həm də oyunçu keyfiyyəti çempionatdan əvvəl bizə əsas verirdi ki, digər komandaların bunlarla mübarizə aparması çətin olacaq. Əlbəttə ki, bu komandalar özləri də bir-biri ilə oynayarkən çətin və maraqlı matçlar izləyəcəyik. Lakin digər komandaların bu ilk beşliyə qarşı oynamaları çox çətin görünürdü. "Sabah" Çempionlar Liqasında çıxış etməsinə baxmayaraq, daxili çempionatda zaman-zaman çətinliklə üzləşsə də, 3 xal qazanmağı bacarır. "Qarabağ" çətin durumda olmasına, böyük oyunçu dəyişikliklərinə getməsinə baxmayaraq, bunun öhdəsindən gəlməyə çalışır. Düzdür, xal itkisinə məruz qaldılar, amma bu "Qarabağ" üçün hələ heç nə demək deyil. Düşünürəm ki, bundan sonra itirdikləri xalların əvəzini çıxa biləcəklər. "Neftçiyə" gəldikdə, yuxarı beşlikdəki görüşlərin birincisində "Zirə"yə məğlub oldular. Amma digər rəqiblərlə topladıqları xallar və böyük hesablı qələbələri ümid verir ki, "Neftçi" bu yarışda rəqiblərinə çətin anlar yaşadacaq.
Yuxarı beşliyi də iki yerə bölmək olar. İlki çempionluq uğrunda mübarizə aparanlardır. Burada, sözün düzü, iki komandanı, yəni "Sabah" və "Qarabağ"ı görürəm. Çempion olmaq üçün hər cür potensialları var. İkincisi isə Avrokuboklar uğrunda mübarizə aparanlardır. "Turan Tovuz"un bu çempionluq yarışında uğurlu olacağına şübhə ilə yanaşıram. Çünki yığdıqları futbolçular, oyun üslubu və potensialı bizə düşünməyə əsas verir ki, 5-li müdafiə ilə arxada qapanaraq oynamaqla qələbə qazanmaq çətindir. Qərb təmsilçisinin strategiyası daha çox əks-hücumlarda effektivdir. Bu həmlələrlə isə yalnız özündən güclü rəqiblərə qarşı oynaya bilərsən. Lakin "Turan Tovuz"un oyunçu profili dominant oynamağa əlverişli deyil. "Kəpəz"ə qarşı oynayarkən dominant olmalı idilər və bunu etdikdə qapılarında rahatlıqla qol gördülər. Çempionat uzun marafon olduğu üçün bu üslubla çempionluq yarışından qopa bilərlər.
"Zirə" heyətini çox dəyişməyib, amma çempion olmaq üçün potensialı və oyunçu keyfiyyəti o qədər də yüksək deyil. "Neftçi"nin əsl gücünü və çempionluq iddialarını "Qarabağ", "Sabah" və "Turan Tovuz" kimi komandalarla oynayarkən daha dəqiq qiymətləndirmək mümkün olacaq.
Aşağı pillələrdəki rəqiblər haqqında danışası olsaq, hər hansı bir klubu xüsusi vurğulamaq çətindir. Autsayder kimi hələ qələbəsi olmayan iki komanda var və bunlar "Sumqayıt" və "Araz-Naxçıvan"dır. İndidən onları siyahıdan çıxarmaq düzgün olmaz, amma bu çətinlikdən necə çıxacaqlarını gözləmək lazımdır. "Araz-Naxçıvan" artıq baş məşqçi dəyişikliyinə getdi.
Digər komandalar "Kəpəz", "Şəfa", "İmişli", "Qəbələ" bir-birinə bab komandalardır. Aşağı-yuxarı eyni büdcəyə və oyunçu keyfiyyətinə malikdirlər. Hər biri bir-birinə qalib gələ və ya məğlub ola bilər. Keçən 6 tur bu barədə hələ dəqiq söz deməyə imkan vermir. Sadəcə, "Şamaxı" digər aşağı pillə komandalarına nisbətən meydanda daha stabil görünür".
Əlisahib İbrahimli