Azərbaycanlı tanınmış futzal mütəxəssisi Elnur Qəmbərov Kanadada yeni yaradılan kluba baş məşqçi təyin olunub.
Fanat.Az-ın məlumatına görə, "Xəzər adaları"nın baş məşqçisi kimi Azərbaycan çempionu olan, bir neçə ildi Kanadada yaşayan gənc mütəxəssis "Seymour"u çalışdıracaq.
Bu klubu da azərbaycanlı iş adamı Şamil Fərəcov yaradıb. O, klubu oğlunun şərəfinə (Seymur) "Seymour" adlandırıb.
Qəmbərov artıq heyəti formalaşdırmağa başlayıb. Həmyerlimiz Səid Həsənzadəni özünün məşqçilər korpusuna daxil edən gənc mütəxəssis 3 azərbaycanlı futzalçını komandaya cəlb edib ki, onlardan biri oğlu, qapıçı Əlidir. Bundan başqa, "Seymour"da 5 milli üzvü olan futzalçı var. İş adamı İbrahim Nehrəmlinin sahibi olduğu "Xəzər adaları"nın sabiq çalışdırıcısı vaxtilə rəhbərliyi altında ölkəmizdə çıxış edən braziliyalı Leo Oliveyranı da Kanadaya gətirməyə çalışır.
"Seymour" bugünlərdə Kanada çempionu "Toronto United"lə yoxlama oyunu keçirəcək. Payızda Kanada liqasına qoşulmağı hədəfləyən Qəmbərovun komandası yanvarda ABŞ-da təşkil olunacaq beynəlxalq turnirə qatılacaq. Turnirdə Braziliya, Kanada, ABŞ, Meksika, Qvatemala və Honduras komandaları iştirak edəcək.
Mirağa