Bu gün Xorvatiyada ilin ilk reytinq turniri olan "Zaqreb Open" start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın yeddi sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
57 kq çəki dərəcəsində çıxış edən İslam Bazarqanov təsnifatda çinli Veiyu Li ilə, eyni çəkidəki Əliabbas Rzazadə onun həmyerlisi Vanhao Zou ilə üz-üzə gələcək.
65 kq çəkidəki Əli Rəhimzadə 1/8 final mərhələsində polşalı Eduard Qriqorevin müqavimətini qırmağa çalışacaq.
70 kq-da Xadjimurad Qadjiyev təsnifatda italiyalı Canluka Talamoyla, bu çəkidə yarışan Hacı Əliyev 1/4 finalda gürcüstanlı Giorgi Eblakidzeylə münasibətləri aydınlaşdıracaq.
74 kq-da yer alan Cəbrayıl Qadjiyev təsnifatda Rumıniyalı Krisztian Biroyla, Abubakr Abakarov (86 kq) 1/8 finalda gürcüstanlı Tariel Qaprindaşvili ilə güləşəcək.
Qeyd edək ki, fevralın 5-dək davam edəcək "Zaqreb Open"ə ölkəmiz ümumilikdə 31 güləşçi ilə qatılıb.