
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayır.
Belə ki, İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxacaqlar.
Bundan əlavə, bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq. Jalə Tamara Dollak (Macarıstan) – Arina Demçanka (Belarus) qarşılaşmasının qalibi ilə güləşəcək. Ruzanna bürünc medal görüşündə almaniyalı Naemi Laystnerlə üz-üzə gələcək. Birgül isə türkiyəli Beyza Akkuşla mübarizə aparacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.