Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Murad Məmmədov təsəlliverici qarşılaşmada Justas Petraviçyusu (Litva) məğlub edib.
27 yaşlı dünya və Avropa mükafatçısı bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə görüşəcək.
130 kq çəkidəki Sabah Şəriəti ilk təsəlliverici görüşdə Alimxan Sidikovdan (Qazaxıstan) üstün olsa da, Yakobi Kajaya (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.
Qadın güləşçilərdən isə 62 kq-dakı Tatyana Omelçenko təsəlliverici görüşdə Xiaojuan Luoya (Çin) yenilib.
Qeyd edək ki, daha əvvəl 5 yunan-Roma güləşçisi medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.