Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.
Fanat.Az xəbər verir ki, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Belqrada yollanan Azərbaycanın 9 idmançısından 5-i fəxri kürsüyə qalxıb. Medallardan 1-i qızıl, 1-i gümüş, 3-ü isə bürünc əyyarlı olub. Yekunda 118 xal toplayan millimiz dünya ikincisi olub.
Birinci yeri Türkiyə (125 xal) tutub. Serbiya isə 110 xalla üçüncü nəticə göstərib.
Qeyd edək ki, ölkəmizə yeganə qızıl medalı Eldəniz Əzizli (55 kq) qazandırıb. Ülvü Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc mükafata sahib çıxıb. Çempion komandanın aktivinə 25, gümüş mükafatçı 20, bürünc medalçılar hərəyə 15, 5-ci olan Rafiq Hüseynovla (82 kq) Murad Məmmədov 10, Sabah Şəriəti (130 kq) 8 xal yazdırıb.