Həndbol üzrə Azərbaycan çempionatında VIII tur başa çatıb.
Fanat.Az xəbər verir ki, qadınların yarışında liderlər növbəti qələbələrini qazanıblar.
“Qarabağ” “Gənclər Birliyi”ni (39:10), “Azəryol” isə “İdman Akademiyası”nı (40:17) yenməyə çətinlik çəkməyib. Bir gün əvvəl baş tutan görüşdə “Kür” “Bakı”nı (44:12) asanlıqla məğlubiyyətə uğratmışdı.
Bu nəticələrdən sonra “Qarabağ” 14 xalla turnir cədvəlinə başçılıq edir. “Azəryol”un 13, “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-5-ci yerləri bölüşdürürlər. Autsayder “Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.
Kişilərin mübarizəsində tura “Dinamo” – “İdman Akademiyası” qarşılaşması ilə yekun vurulub. “AHF Arena”da baş tutan görüşdə qalib müəyyənləşməyib – 26:26. Buna qədər isə “Kür” “Təhsil”i 40:22, “Azəryol” “Qarabağ”ı 36:29 hesabı ilə məğlub etmişdi.
Hesabında 14 xal olan “Kür” turnir cədvəlinin lideridir. İkinci pillədə mövqe tutan “Azəryol”un isə 10 xalı var. “Bakı” və “Qarabağ” hərəyə 8 xal toplayıblarsa, “Dinamo” ilə “İdman Akademiyası” 3 xala malikdir. “Təhsil” 2 xalla sonuncudur.