"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Osiyek"ə (Xorvatiya) qarşı səfərdə keçirdikləri ilk oyundan (1:1) sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis mətbuat konfransında belə danışıb:
"İlk hissədə rəqib standart vəziyyətlərdə daha çox təhlükə yaradırdı. Hərçənd birinci yarıda bizim də fərqlənmək üçün bir neçə şansımız oldu. Müdafiədən çıxarkən top itkisinə yol verdik. Rəqib bu vəziyyətdən maksimum istifadə etdi və istədiyi qolu vurdu. İkinci yarıda meydanda üstün olan tərəf biz idik. Çalışırdıq ki, nəticəni öz xeyrimizə dəyişək. Lakin rəqib səviyyəli komanda olduğu üçün çətin idi. Məğlub olsaydıq belə, cütün taleyinə Bakıda aydınlıq gələcəkdi. Bizi 1 həftə sonra maraqlı oyun gözləyir".
Xatırladaq ki, tərəflərin cavab qarşılaşması avqustun 15-də "Dalğa Arena"da reallaşacaq.