Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Azərbaycanı Parisdə keçirilən Paralimpiya Oyunlarında təmsil edən cüdoçularımızdan yalnız biri medal qazana bildi. Belə ki, yalnız İlham Zəkiyev bürünc medala sahib çıxaraq fəxri kürsüyə qalxdı. Bəlkə budəfəki "bürünc" kimlərisə qane etmədi. Axı söhbət ikiqat paralimpiya, ikiqat dünya və doqquzqat Avropa çempionu olan idmançıdan (J1, +90 kq) gedir. Gəlin razılaşaq ki, əfsanəvi idmançı indiyə qədər əldə etdiyi uğurlarla bizi yüksək nailiyyətlərinə alışdırıb...
Parisdə qazandığı medal 44 yaşlı İlhamın 5-ci paralimpiya qəniməti oldu. Başqa sözlə, 6 dəfə yarışa qatılan İlham Zəkiyev bunun beşində fəxri kürsüdə yer alıb. O, bundan əvvəl Paralimpiya Oyunlarında 2 qızıl və 2 bürünc medal qazanıb. Zəkiyev Afina-2004 və Pekin-2008 Paralimpiadalarında qızıl, London-2012 və Tokio-2020-də isə bürünc medala sahib çıxıb. Yalnız Rio-2016-dan əliboş dönüb ki, həmin yarışda 5-ci yerlə kifayətlənib.
Yeri gəlmişkən, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XVII Yay Paralimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını məhz yığmanın kapitanı İlham Zəkiyev daşıyıb.
Parisdəki son görüşünün ardından verdiyi açıqlama əfsanəyə yaraşan şəkildə oldu. Özü də bildirdi ki, yarışa yaxşı hazırlaşa bilməmişdi: "Altıncı Paralimpiya Oyunlarımdır. Bir az hazırlığımdan razı deyildim. Zədələr ucbatından hazırlığım istədiyim səviyyədə keçməmişdi. Bununla belə, bürünc medal qismət oldu. Paralimpiadada istənilən medal qələbə deməkdir. Çox sevinirəm, bu medalda çox insanın əziyyəti, zəhməti var – məşqçilər, məşq yoldaşları, ailə, komitə, federasiya. Hamısına təşəkkürümü bildirirəm. Çox şükür Allaha, bu qələbəni bizə yaşatdı. Yaşasın Azərbaycan! Bu qələbəmi Azərbaycan xalqına həsr edirəm. Nəhayət, biz sərhədləri tam bərpa olunmuş Azərbaycanın adından çıxış edirik. Çalışacağıq ki, üçrəngli bayrağımızı həmişə zirvələrdə saxlayaq".
Əslində, İlham Zəkiyev budəfəki yarışdan əliboş dönsəydi belə, bu, ona münasibəti dəyişməyəcəkdi. Yəqin o biri iştirakçılarımız inciməz, İlhamın yeri başqadır. Axı o, həm də qazimizdir. Qarabağ qazisi. Gözünün nurunu hələ 25 il əvvəl torpaqlarımızın işğaldan azad olunması uğrunda qurban verən İlhamın vətən sevgisinə onun əzmini, mübarizliyini, idmançı ruhunu əlavə etdikdə ortaya ƏFSANƏnin portreti çıxır.
İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailədə 5 uşaq olublar - 4 qardaş, 1 bacı. Sumqayıt şəhərinin 5 saylı orta məktəbində təhsil alıb. Ailəsində də idmançı olub. İlhamın özündən üç yaş böyük qardaşı Fikrət Zəkiyev güləş ilə məşğul olub. Onun sayəsində İlhamın da idmana həvəsi yaranıb. 15 yaşından Azərbaycanın əməkdar məşqçisi Əhməddin Rəcəblinin başçılığı altında, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda cüdo ilə məşğul olmağa başlayıb. İlham çox qısa bir müddət ərzində uğurlara imza atıb, Sumqayıt şəhərində keçirilən yarışda qalib gəlib, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutub və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olub.
1998-ci ilin yayında Azərbaycan kubokunda hamıdan güclü olub. Həmin qələbə ona yeniyetmələrin Moskvada keçiriləcək olimpiadasına vəsiqə qazandırıb. Lakin Rusiyanın paytaxtına getmək ona müyəssər olmayıb. Bir ay sonra həqiqi hərbi xidmətə yollanıb. Xidmətini Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində yerinə yetirib. Cüssəli və idmanla məşğul olmasına görə o, kəşfiyyatçı bölüyünə göndərilib. Bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələn əsgər Zəkiyev 7 ay orduda nümunəvi xidməti ilə diqqət çəkib, fəxri fərmanlar alıb. Amma 1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində ağır yaralanıb. Güllə onun başına dəyib, sol gicgahından girərək sağ tərəfdən çıxıb. İlham aldığı yaradan komaya düşüb. Gözlərini açanda isə heç nə görməyib, o, görmə qabiliyyətini itirib. Həm də həmişəlik. Beləliklə, ordudan tam görmə məhdudiyyətli I qrup əlili kimi tərxis olunub.
İki dəfə ölkə xaricinə müalicə məqsədilə göndərilsə də, nəticəsi olmayıb. 2002-ci ildə Moskvaya, 2024-də (İlham o vaxt artıq Afina Paralimiadasında qızıl medal qazanmışdı) Heydər Əliyev Fondu tərəfindən İsrailə gpndərilib, ancaq həkimlər tibbin bu tip əməliyyatı icra etməyə aciz olduğunu bildiriblər...
Həyat yolu ilə gənclərə nümunə olan İlham təslim olmayıb, 2002-ci il noyabr ayının 1-dən yenidən məşqlərə başlayıb. 2003-cü ilin avqust ayında isə Kanadanın Kvebek şəhərində keçirilən Görmə Əlilliyi olan İnsanların ikinci Dünya Çempionatında artıq ilk dəfə beynəlxalq tatamiyə çıxıb. Bürünc medala sahib olaraq 2004-cü ildə Afinada keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazanıb. Beləliklə, onun zəfər yürüşü başlayıb. Azərbaycanda paralimpiya hərəkatının ən önəmli ilkləri məhz Zəkiyevin adı ilə bağlıdır...
İlhamın Afina-2024-də ilk qarşılaşdığı idmançı, Kanadadakı yarışmada məğlub olduğu kubalı dünya çempionu olub. İdmançımız bu dəfə bir dəqiqə qırx saniyə çəkən döyüşdə rəqibini üstələyərək yarımfinala adlayıb. Növbəti görüşdə İspaniyadan olan idmançını otuz yeddi saniyə ərzində məğlub edib. Finalda isə Böyük Britaniyadan olan rəqibinə ippon fəndi ilə bir dəqiqə iki saniyə müddətində qalib gələrək qalib olub. Beləliklə, 24 yaşlı Zəkiyev tarixə ilk paralimpiya çempionumuz kimi düşüb.
2008-ci ildə ikinci Paralimpiya Oyunlarında titulunu qoruyub. O, Çinin paytaxtı Pekində yarış zamanı fransalı idmançı Jülyen Turini beş saniyəyə məğlub etməklə diqqət çəkib. Yarımfinalda koreyalı, finalda isə yerli idmançı Vanq Sonqa qalib gələn İlham fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rio-2016-dan sonrakı paralimpiadalarda bir qayda olaraq bürünc mükafat alan İlham Zəkiyevin dünya və Avropa çempionatlarındakı titulları saymaqla bitmir. 21 il ərzində 2 dəfə dünya, 9 dəfə Avropa çempionu olan idmançımız indiyə qədər müxtəlif turnirlərdə 30 medal qazanıb.
Paralimpiya Oyunları
Qızıl Afina 2004 100+ kq
Qızıl Pekin 2008 100+ kq
Bürünc London 2012 100+ kq
Bürünc Tokio 2020 100+ kq
Bürünc Paris 2024 100+ kq
Dünya Çempionatı
Bürünc Bromma 2006 komanda
Qızıl Antalya 2010 100+ kq
Bürünc Odivelash 2018 100+ kq
Bürünc Odivelash 2018 komanda
Gümüş Bakı 2022 90+ kq
Qızıl Bakı 2022 komanda
Dünya Oyunları
Bürünc Kvebek 2003
Qızıl San Paulo 2007 100+ kq
Gümüş Antalya 2011 100+ kq
Gümüş Birmingem 2023 90+ kq
Avropa Oyunları
Qızıl Bakı 2015 90+ kq
Avropa çempionatı
Qızıl Vlaardingen 2005 100+ kq
Qızıl Bakı 2007 100+ kq
Qızıl Debretsen 2009 100+ kq
Qızıl Krouli 2011 100+ kq
Qızıl Eger 2013 100+ kq
Qızıl Odivelaş 2015 100+ kq
Qızıl Uolsoll 2017 100+ kq
Gümüş Genuya 2019 100+ kq
Qızıl Genuya 2019 komanda
Qızıl Kalyari 2022 90+ kq
Gümüş Rotterdam 2023 90+ kq
Dünya Kuboku
Qızıl Eger 2015 100+ kq
Bürünc Antalya 2018 100+ kq
İslam Həmrəyliyi Oyunları
Bürünc Bakı 2017 100+ kq
Bu qədər uğurdan sonra belə, İlham dayanmaq istəmir. “Tataminin kralı”nın nailiyyətləri dövlətin də nəzərindən yayınmır. Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan idmanındakı uğurlarına görə İlham Zəkiyev 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2009-cu ildə isə "Əməkdar İdman Ustası" fəxri adı alıb, 2012-ci ildə “Tərəqqi” medalına layiq görülüb. 2012-ci il may ayının 10-da Heydər Əliyev Mərkəzinin açılışı zamanı Heydər Əliyev Fondunun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb.
2016-cı ildə İlham Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Qeyd edək ki, çıxışlarının birində özünü "Paralimpiyaçıların dostu" adlandıran ölkə başçısı adaşına xüsusi rəğbət bəsləyir. Görünür, bu, Zəkiyevin məhz Qarabağ qazisi olması ilə bağlıdır. İlham Əliyevin İlham Zəkiyevlə Bakı-2015 Avropa oyunları zamanı görüşlərini yada salmaq yerinə düşər. İdmançı həmin görüşdən sonra bu barədə belə demişdi: "Mənə xəbər veriləndə ki, Avropa Oyunlarında güləşəcəm, bu məsuliyyəti dərk etdim. Uzun müddətdir paralimpiya yığma komandasına hazırlaşırdım. Müəyyən xırda zədələr olsa da, Allaha şükür ki, bu, ölkəmizi layiqincə təmsil etməyimə mane olmadı. Bütün Azərbaycan məndən bu qızılı gözləyirdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən mənə iki missiya tapşırılmışdı. Birincisi, açılış mərasimində məşəli alovlandırmaq və yarışda Azərbaycanı təmsil etmək. Mən Atəşgahda məşəli yandıranda cənab prezidentə dedim ki, ayın 26-sı güləşəcəyəm. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranması günüdür. Söz vermişdim ki, Ali Baş Komandanımıza medal hədiyyə edim. Bunun öhdəsindən gəldim. Bu medalı cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə və bütün xalqımıza həsr edirəm. Fəxri kürsüdə İlham Əliyevə dedim ki, cənab Prezident, əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi. Söz vermişdim ki, bu medalı ona Silahlı Qüvvələrn yaranması günü hədiyyə edəcəyəm. Çox şükür ki, etdim! "Bir də ki, oğlum Həmzənin iki yaşı tamam olur. Atası tərəfindən bu medal ona ən böyük hədiyyədir.
Gözlərimin nurunu döyüş tapşırığını yerinə yetirərkən itirmişəm. Hər yerdə məndən soruşanda ki, yaranı harda almısan, fəxrlə deyirəm ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda düşmən gülləsinə tuş gəlmişəm və görmə qabiliyyətimi itirmişəm".
İlham Zəkiyev 2016-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzun olaraq, bədən tərbiyəsi və idman ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinə yiyələnib.
O, 2005-ci ildə ailə həyatı qurub. Üç övladı var: iki oğul, bir qız. 2011-ci ildə rejissor Məhsim Məhsimov tərəfindən İlham Zəkiyevin həyatından bəhs edən qısametrajlı “İşıqlı Zülmət” filmi çəkilib.
Son olaraq vurğulayaq ki, İlham Zəkiyev adı Beynəlxalq Cüdo Federasiyası tərəfindən dünya cüdosunun şərəf zalına daxil edilən yeganə paralimpiyaçıdır. İnanırıq ki, o, hələ neçə-neçə zirvələri fəth edəcək, ən əsası, Azərbaycan idmanı və idmançılarına nümunə olmağa davam edəcək.
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.