UEFA Millətlər Liqasında final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici görüşdə Xorvatiya və İspaniya milliləri qarşılaşıb.
Final qarşılaşmasının əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən ispanlar (5:4) çempionluğu bayram ediblər.
Matçdan sonra UEFA-nın rəsmi saytına danışan Xorvatiya yığmasının müdafiəçisi Yosip Yuranoviç yenilgini belə şərh edib:
"Hər iki komanda çox yaxşı oynadı, ancaq bizdə acı dad qaldı. Kuboka çox yaxın idik, amma sonda onu itirdik. Qol vəziyyətlərindən yaxşı istifadə edə bilmədiyim üçün təəssüflənirəm. Artıq səhifəni çevirməliyik. Gələn il AVRO-2024-də seçmə mərhələ oyunlarımız var. Biz daha güclü qayıtmalıyıq".
Xatırladaq ki, üçüncü yer uğrunda qarşılaşma isə Niderland ilə İtaliya yığmaları arasında keçirilib. Beş qolun qeydə alındığı bu matçdan qalib ayrılan İtaliya yığması bürünc medallara sahib çıxıb.
Röya