AFFA İcraiyyə Komitəsinin həftəiçi keçirilən fövqəladə iclasında Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə bağlı qərar verildi. İtaliyalı mütəxəssislə yollar ayrıldıqdan sonra yığmanın yeni çalışdırıcısının yenidən əcnəbi, yoxsa yerli olması ilə bağlı müzakirələr davam edir.
Azərbaycan millisinin sabiq müdafiəçisi Tərlan Əhmədovla əlaqə saxlayıb onun bu barədə mövqeyini öyrəndik.
Əhmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"İndiki vəziyyətdə Azərbaycan millisini yerli mütəxəssis çalışdırmalıdır. Onun kimliyinə federasiya rəhbərliyi qərar verəcək. Uzun illər əncəbilərə üstünlük verildi və nəticə yoxdur. Artıq elə bir məqam yetişib ki, yerli mütəxəssislərə üstünlük verilməlidir. Hər halda, nə qədər çətin olsa da, yerli mütəxəssis milli ilə uğur əldə edə bilər. İndiyə kimi Toresindən tutmuş Foqtsu, Prosineçkisi, axırda da De Beyazisi gətirildisə, niyə yerli mütəxəssisə güvənilrməsin? Yerli mütəxəssis millinin sükanı arxasına keçəndə komandanın milli ruh dəyərlərinə üstünlük verəcək. Milli ruh olmayan yığmada uğurlu nəticə əldə etmək olmaz. Klubda uzun müddət çalışırsan, amma millidə qısa zamanda matçalara çıxırsan. Taktika və hazırlıq öz yerində, amma ən əsası milli ruh olmalıdır. Hər futbolçu meydana çıxanda bilməlidir ki, milli komandanın dəyərləri nədir və yığma nə deməkdir? Futbolçulara aşılanmalıdır ki, onlar meydanda milləti və dövlətçiliyi təmsil edirlər. Bunu əcnəbi mütəxəssis yox, yerli məşqçi edə bilər. Millidə çıxış edən hər bir məşqçi və futbolçu, 44 günlük zəfər qazanmış ölkəni təmsil etdiyini bilməlidir. Biz qalib bir xalqın komandasını formalaşdırmalıyıq".
Nahid Məmmədov