Azərbaycan cüdoçusu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq.
Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan 24 yaşlı idmançı ilk iki qarşılaşmasında, müvafiq olaraq, almaniyalı Moritz Plafki və türkmənistanlı Hakberdi Cumayevi üstələyib. Yusifov 1/4 final mərhələsində yerli idmançıya uduzub. Təsəlliverici görüşdə Özbəkistanın digər idmançısı Zamoşari Bekmurodovu yenən Əhməd Yusifov "bürünc" görüşündə gürcüstanlı Luxumi Çxvmiani ilə üz-üzə gələcək.
Digər cüdoçular erkən mərhələdə mübarizəni dayandırıblar. 60 kq çəkidə Rövşən Əliyev 1/8 finalda qazaxıstanlı Nurkanat Serikbayevə məğlub olub.
66 kq-da çıxış edən Kamran Süleymanov və Ruslan Paşayev yalnız bir mərhələ adlamaqla kifayətləniblər. Süleymanov estoniyalı Vilcar Liparda, Paşayev almaniyalı Lennart Slamberqerə qalib gəlib. Lakin onlar 1/8 final səddini aşa bilməyiblər. Kamran Süleymanov fransalı Valid Xyara, Ruslan Paşayev isə braziliyalı Villian Limaya yenilib.
Qeyd edək ki, martın 5-dək davam edəcək "Böyük Dəbilqə"də Azərbaycanın daha iki cüdoçusu çıxış edəcək. Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) sabah mübarizəyə qoşulacaqlar.