Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirinin qızıl medalçısı Turan Bayramovun Fanat.Az-a müsahibəsi
- Turan, bu, "Dünya Turu" seriyasında ilk qızıl medalındır. Təəssüratlarını öyrənək.
- Bunadək ardıcıl bir neçə yarışda medalsız qalmışdım. Beşinci-yeddinci yerləri tuturdum. Sonuncu dəfə gənclərin Avropa çempionatında gümüş medal qazanmışdım. O səbəbdən qarşıma məqsəd qoymuşdum ki, ən yaxşısını etməliyəm. Yarış çətin keçdi. Xüsusilə yerli idmançı ilə duelin gərginliyi çox idi. Gürcü cüdoçu ilə Gürcüstanda, böyük azarkeş dəstəyi qarşısında güləşmək hər zaman çətindir. Şükürlər olsun ki, hər şey yaxşı nəticələndi.
- Gürcü idmançı Giorgi Sardalaşvilinin adı azərbaycanlı cüdosevərlərə tanışdır. Bunadək dəfələrlə qarşılaşmısınız. Hətta səni gənclərin dünya çempionluğundan belə məhrum edib.
- Onunla dördüncü görüşümüz idi. Bu qələbə ilə hesabı bərabərləşdirdim. "Ev"ində məğlub etməyim xüsusilə zövqverici oldu.
- Gənclərin yarışından söz düşmüşkən, son Avropa çempionatında etdiyin səhv ucbatından diskvalifikasiya olunmuşdun. Nəzərə alsaq ki, gənclərdə son ilin idi, çox güman bu sənə təsirsiz ötüşməyib.
- Əlbəttə. Amma o mənim üçün böyük təcrübə oldu. Məsələn, Dubaydakı yarışda həmin səhvi edəcəkdim, son anda həmin anı xatırladım.
- 60 kiloqram çəki dərəcəsində azərbaycanlı cüdoçular arasında hazırda ciddi rəqabət var. Hətta bu, son illərin ən böyük rəqabəti kimi də qələmə verilə bilər. Bu barədə nə düşünürsən?
- Doğrudur. Balabəy, mən və Kəramətin olimpiadaya getmək şansı var. Ola bilər ki, bu say daha da çoxalar. Olimpiadaya bir ildən çox zaman var. İndidən nəsə söyləmək çətindir. Sadəcə onu deyim ki, mənim də hazırda əsas məqsədim Olimpiadadır. Onun üçün əlimdən gələni edəcəyəm.
- Konkret olaraq hazırda dünya reytinqində ikinci sırada olan Balabəy Ağayevlə müqayisədə şanslarını necə görürsən?
- Keçilməz idmançı yoxdur. Mən bunadək 17-ci idim. Qazandığım 1000 xalla yəqin ki, "10-luğ"adək yüksələcəyəm.
- Mayda böyüklərin dünya çempionatı var. Bu qızıl medalla Qətərə yollanmaq şansını artırdığını demək olar?
- Məşqçilər məsləhət bilsələr, gedəcəyəm. Düzü, heç nə deyə bilmərəm
- Yaxşı, belə deyək, səni mundiala aparsalar... Nə söz verə bilərsən?
- Aparsalar, əlimdən gələnin ən yaxşısını etməyə çalışaram. Amma bu, cüdodur, sürprizlər çox olur.
Sahib Əsədbəyli