Birinci Liqanın 10-cu turunda "İmişli" MOİK qəbul etdi. Görüş "pələnglər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşdı. Matçın ən yadda qalan anları azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və Tolqar Yaqubovun aldığı qırmızı vərəqədən sonra yaranan insident oldu. Bu və digər qayda pozuntularına görə, PFL bölgə klubunu 800 manat cərimələndi. "İmişli"nin məşqçisi Ruhid Usubovla əlaqə saxlayıb həm önəmli qələbə həm də cəzalarla bağlı fikirlərini öyrəndik.
Usubovun Fanat.Az-a açıqlaması belə oldu :
"MOİK birinci yerdə gedən komanda idi. Biz matçı səbirsizliklə gözləyirdik və çox prinsipial bir oyun idi. Birinci dövrədə də biz yaxşı oynamışdıq. Sadəcə, hakim bir anlıq diqqətsizliyi bizə məğlubiyyət gətirmişdi. Bu oyun bizim üçün revanş əhəmiyyəti kəsb edirdi.
Bilirsiniz ki, İmişlidə oyuna tam başqa hazırlaşırlar. Azarkeşlər tam oyunu yaşayırlar. Onlar oyundan sonrada sevincdən meydana daxil oldular ona görə cərimə yazıldı. İstər oyunçular, istər ehtiyatdakılar sarı vərəqələrə diqqət etməlidirlər. Hakimlər də hər epizoda sarı vərəqə verməməlidirlər. Çünki sonda gəlir bu cür hallar yaşanır. Azarkeşlərə nə edə bilərik ?".
Nahid Məmmədov