Sosial şəbəkədə qarşıma gənc həmkarımız Həsən Quluzadənin bir paylaşımı çıxdı. Postda Ağdaş rayonunun eyniadlı komandasının "Qusar"la matçına hazırlıq prosesindən bəhs olunurdu.
II liqa təmsilçisinin rəhbəri Rəhman Əliyev barədə paylaşımda foto da var: gecə vaxtı meydançada ot biçir. Deməli, Əliyev səhəri gün meydançanı xətləməli, sonra qapı torlarını asmalıdır. Ertəsi gün isə rayonda insanların sıx olduğu yerlərdə oyunun afişasını təkbaşına vuracaq. Beləcə gözə görünməyən xeyli işləri var yəqin. Həmkarımız Rəhman Əliyevin bütün bu işləri təkbaşına etdiyini yazır.
Düzdür, dövlət AFFA-nın xətti ilə II liqa komandalarına illik 50 min manat yardım ayırır. Lakin bu məbləğə komanda saxlamaq həqiqətən çətindir. İşinin fanatı olan bu insan isə çoxlarına örnək olmalıdır. Həqiqətən hər şey göründüyü və yazıldığı kimidirsə, “əhsən” alqışı insanın içindən qeyri-ixtiyari gəlir.
“Azərbəycanda futbol yoxdur” deyənlərə tutarlı cavab elə Rəhman Əliyev kimi bölgələrdə təmənna ummadan, rayonlarında futbol yaşasın deyə dəridən-qabıqdan çıxan zəhmətkeşlərdir. Əhsən!
Əli Sahib