
"Qarabağ" yay transfer pəncərəsində növbəti mühüm addımını ataraq hücum xəttini Qambiya əsilli isveçli forvard Zakaria Savo ilə rəsmi olaraq gücləndirib.
Fanat.Az xəbər verir ki, 185 sm boya malik futbolçu təkcə klassik cərimə meydançası oyunçusu deyil, həm də yüksək sürəti, fiziki gücü və dinamikası sayəsində "köhlənlər"in hücum xəttinə rəng qatacaq bir profildir.
Savonun baş məşqçi Qurban Qurbanovun oyun sistemində hansı rolu oynayacağı azarkeşlər üçün ən böyük maraq mövzusudur. Hücumun mərkəzində sürətli və "yırtıcı" bir forvarda ehtiyac duyan "Qarabağ" üçün Zakaria özündən əvvəl bu mövqedə çıxış etmiş və komandadan ayrılmış legionerlərin yaratdığı boşluğu doldurmaq missiyasını daşıyır.
O, yalnız qol vurmaqla kifayətlənmir, həm də rəqib müdafiəçiləri aqressiv presinqlə "sıxa", topla sürətli keçidlər edə bilir. Bu üstünlüklərinə görə gənc oyunçunun xüsusilə fiziki mübarizələrin və gərginliyin pik həddə olduğu avrokubok matçlarında Ağdam təmsilçisinə fayda verəcəyi proqnozlaşdırılır.
Qurban Qurbanovun rotasiyaları və sıx oyun qrafikində fiziki cəhətdən dözümlü oyunçulara üstünlük verdiyini nəzərə alsaq, Savonun bu mübarizədə önə çıxmaq şansı kifayət qədər yüksəkdir.
Kamil Xudiyev