
"Uduzmalı deyildik. Belə oyundan sonra nəsə danışmaq çətindi". Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib.
Topaz Premyer Liqasının 2-ci turunda "ağ-qaralar" elitanın debütantı "Səbail"ə 0:1 hesabıyla uduzub. Matçdan sonra düzənlənən ənənəvi mətbuat konfransında formal qonaqların çalışdırıcısı görüşü dəyərləndirib:
"Uşaqlar qol vurmağa çalışırdılar. Təəssüf ki, əksinə oldu, sonda top buraxdıq. Bu stadionda ötən mövsüm AZAL-a da belə uduzmuşduq. "Səbail" yaxşı komandadı. Hələ çoxlarından xal alacaq. Rəqib bu gün öz oyunumuzu göstərməyə imkan vermədi. Rəhman Hacıyevin qaçırdığı real qol imkanını da unutmayaq. Hesabı açsaydıq, hər şey fərqli alınardı. Heyətimiz "Səbail"inkindən daha güclüdü. Meydanda isə xarakter göstərmək, inanmaq və oynamaq lazımdı. Deyərdim ki, "Neftçi"də yeganə problem psixologiyayla bağlıdı. Görünür, futbolçuları fərdi şəkildə hazırlaya bilmirik".
Abdullayev qoldan sonra istefaya səslənməsinə də münasibət bildirib: "Əlbəttə, xoş deyil. Mənim yerimdə başqası da olsa, xoşuna gəlməz. Ancaq azarkeşləri də anlayıram. Onlar istənilən halda, haqlıdılar".
Fanat.Az