
Dünən Tiranada Albaniya və Gürcüstan milliləri arasında yoldaşlıq görüşü keçirilib. Fanat.az xəbər verir ki, Avropada gecənin yeganə rəsmi yoldaşlıq oyunu olan bu matçda 4 qol vurulub.
Belə ki, Kaxaber Tsxadadzenin çalışdırdığı Gürcüstan millisi artıq 2-ci dəqiqədə Bakı "İnter"inin sabiq mərkəz müdafiəçisi, hazırda "Karşıyaka" klubunda Kamran Ağayevin komanda yoldaşı olan Aleksandr Amisulaşvili ilə hesabı açıb. Gürcülər yayda Avropa çempionatında iştirak edəcək albanlara daha bir şok yaşatsalar da, son dəqiqələrdə meydan sahibləri status-kvonu bərpa ediblər. Belə ki, onlar 88 və 90+4-cü dəqiqədə 2 qol vuraraq matçın 2:2 bitməsinə nail olublar. Bu matça "Qarabağ"ın sol cinah müdafiəçisi Ansi Aqolli start heyətində meydana çıxıb.
Qeyd edək ki, bundan əvvəl Albaniya hələ bir çox dövlət tərəfindən müstəqilliyi tanınmamış Kosovo millisi ilə Priştinada yoldaşlıq matçı keçirmiş və həmin matç da 2:2 hesabı ilə başa çatmışdı. Həmin oyunda italiyalı baş məşqçi Canni de Biazi Ansi Aqolliyə istirahət etmək imkanı yaratmışdı. Gürcüstan isə Tallində Estoniyaya 0:3 məğlub olmuşdu.
Fanat.az