Dünən keçirilən "Neftçi" - "İnter" qarşılaşması zamanı qonaqların baş məşqçisi Kaxaber Tsxadadze baş hakim Vüsal Əliyev tərəfindən texniki zonadan tribunaya göndərilmişdi. Oyunsonrası mətbuat konfransına gəlməyən Kaxa klubunu yenidən xərcə salacaq.
Peşəkar Futbol Liqasının (PFL) İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Fanat.az-a verdiyi açıqlamada "İnter"ə veriləcək cəzanın artacağını bildirib: "Baş məşqçi konfransa gəlmədiyini görə klubu cərimələnəcək. Ötən turda da mətbuat konfransında iştirak etmədiyi üçün "İnter" 1000 AZN cərimə edilmişdi. Əsasnaməyə əsasən bu dəfə həmin məbləği üzərinə 1000 AZN də gələcək. Tsxadadzenin konfransda iştirak etməməsi isə tamamılə öz seçimidi. Texniki zonadan uzaqlaşdırılsa da, onun haqqında heç bir qərar verilmədiyinə görə mətbuat konfransında iştirak edə bilərdi".
Qeyd edək ki, gürcü mütəxəssis V turda "Simurq"la (1:2) qarşılaşmadan sonra da jurnalistlər önünə çıxmaqdan imtina etmişdi.
Fanat.az