İspan jurnalistlərin sualları nəsə soruşmaq anlamını çoxdan itirib. Onlar Madriddə "Real"dan çox sevilən komandanın kapitanından və dünyanın mübaliğəsiz ən yaxşılarından olan baş məşqçisindən tələb edirlər. Gülümsəyərək, hər müraciətdə az qala alov yağdırırlar. Ünvan bəllidi: "Qarabağ" əzilməlidir!
Keçmişdən gələcəyə uçuş
Tələb və arzunun müharibəsi. Axı böyük kəşflər arzulardan yaranıb. Uçan xalça xəyalı quran insan övladının yaratdığı təyyarə "Qarabağ"ı Madrid üzərindən uçururdu. Bizim xəyalımız isə başqa uçuş idi. "Atletiko"nun önündə sadəcə böyük pulları ilə reklam olunan ölkənin təmsilçisi kimi durmamalıydıq. Futbol oynamağı bacaran, əzmkarlığın, özünə və adına hörmətin nə olduğunu isbatlayanların yüksəlişi olmalı idi. "Qarabağ" orda kəşf edilməliydi.
Əsl paytaxt
Madrid İspaniyanın tək paytaxtı deyil. Tarixiliklə müasirliyini sintezi olan bu şəhər qırmızı-sarılı bayrağın ən hörmətli məkanıdı. Çox qısa gəzinti zamanı üzəri İspaniya bayrağı ilə örtülü yüzlərlə eyvan, mağaza, kafe görə bilərsiz. Və əminəm ki, bunun son zamanlar ölkədə yaşanan referendumla çox da əlaqəsi yoxdu. Çünki ispanlar sadəcə, vətənlərini və yaşamağı sevirlər. Onlar üçün sənin cinsin, irqin, görünüşün, geyimin qətiyyən önəm daşımır. El dili ilə desəm, adamlığın olsa, yetərlidi.
İşıqforun "mavi” rəngi
Şəhərin mərkəzində Bakıda bəlkə də kiminsə linç edilməsi ilə yekunlaşacaq durumlara o qədər duyğusuz yanaşırdılar ki, sadəcə donurdun. Məsələn, işıqforda onlarla insanın içində iki kişinin öpüşməsi belə ispanları yaşıl işığın gec yanması qədər narahat etmir. Gördülər çox gecikir, bizdəki kimi "kaskadyor"luq məharətlərini göstərirdilər. Manatla hesablayanda əksər ölkələr kimi buranı da "cəhənnəm" saya bilərsiz. Amma ümumi qiymətlərə baxanda İspaniya Avropanın ən münasib məkanlarından biridir. Keyfiyyəti cüzi aşağı olacaq, amma sıradan işin varsa, qarnın tox, görünüşün də yerindədi.
Finala layiq arena
"Visente Kalderon" "Atletiko" üçün tarix, "Vanda Metropolitano" isə gələcəkdi. Mənim üçün maraqlı idi ki, Çempionlar Liqasının yeni mövsümünün finalını UEFA bu məkana salmaqla Bakı Olimpiya Stadionuna çoxmu haqsızlıq edib? Şəxsi düşüncəmə görə BOS ən yaxşı halda "heç-heçə"yə layiqdi. Əsas da bu yer Olimpiya yox, futbol stadionudur. Ən sadə bir nümunə: oyuna 10 dəqiqə qalmış, yarıdan çoxu boş olan arena start fiti zamanı demək olar doldu. Əsəb yox, basırıq yox. Hardan da baxsan istər meydança, istərsə də futbolçular aydın görünür. Buranın Avropanın ən rahat gediş-gəlişli yerlərindən biri olduğunu da üstünə gəlsək, daha nə lazımdı ki? Odur ki, məğlubiyyəti qəbul etməliyik.
"Donmuş” tablo
Tabloya bəlkə də 90 dəqiqə ərzində 200 dəfə baxdım. Miçelin qolu. "Bəlkə qələbədi?" Yeni doğan arzusunun gərginlik altında əzilməsinin qarşısını almaq istəyən Qol.az saytından həmkarım Aydın Bağırov Pedronun qırmızı vərəqəsindən sonra qismən daha az ağrılı variant təklif edirdi: "Monitora 5 dəqiqədən bir bax, onda vaxt tez gedir". Sonradan buna çox güləcəkdik. Amma həmin dəqiqələrdə nəfəs belə almaq istəmirsən.
Böyük kapitan
Ömrümdə bəlkə də ən çox qorxduğum matçlardan biri idi. 3 gün əvvəl "Səbail"in "təzyiq"ini görənlər indi son 4 ildə iki dəfə ÇL-də final oynayan komanda və onun mətbuat önündə belə əsəb içində olan baş məşqçisini qarşılarına alacaqdılar. Bədbinliyimlə təsir edə bilməyəcəyimə əmin olduğum adama - kapitan Rəşad Sadıqova bunu bildirəndə isə "narahat olma, görüşəcəyik" cavabını aldım. 35 yaşında var gücümüzlə məşqçi, futbol funksioneri etməyə çalışdığımız bu adam topu boş qapıdan çıxardı, alman hakim Deniz Aytekinə "hocam, hocam sarı kard" deyib şirin təzyiqlə Saviçin meydandan qovulması üçün təkan verdi, 9-cu dəqiqədə özü sarı aldı, amma 100 milyonluq Qrizmannın təzyiqinə baxmayaraq, sonadək döyüşdü. Səhvsiz!
İbtidai təhsildə növbəti dərs
Bir odurmu? Qara, Şehiç, Miçel, Ramil, Aqolli... Üzrxahlıq göz yaşları tökən Pedro. Meydandan çıxmaqla yoldaşlarını nə ilə üz-üzə qoyduğunu anlayan bir adamın hissləri idi bu. Və nəhayət, Qurban Qurbanov.
"Sabahkı matç ərəfəsində "Qarabağ"ın tərəfində ümid verən nəsə varmı" sualına cavaba sərf olunan böyük fasilə səssizliyini vaxtından əvvəl mənim üçün ispan həmkarımın kinayəli qımışması pozdu. Təsadüf olub olmadığını bilmirəm, amma oyundan sonrakı konfransda onu görmədim.
Nə qədər mübaliğəli olsa da deyəcəm. Qurbanovun "Qarabağ"ı ibtidai təhsillə məşğuldu: Azərbaycan futbolu haqda oxumağı, yazmağı, saymağı, sevməyi öyrədir.
Ardı gəlsin!
Sənan Abdullayev
Rekord.az