
Yay "transfer pəncərəsi"ndə önəmli transferləri ilə diqqət çəkən "Kəpəz" I Divizionda ilk "üçlüy"ü hədəfləsə də, görünən odur ki, bu asan olmayacaq. Hər halda, yoxlama oyunlarının nəticəsinə əsasən, komanda ümid vermir. Bir neçə gün əvvəl "Zaqatala"nı çətinliklə də olsa, 2:1 yenən "sarı-göylər" dünən MOİK-lə qarşılaşmada eyni hesabla uduzub.
Məğlubiyyətə baxmayaraq, baş məşqçi Yaşar Vahabzadə yetirmələrindən razı qalıb. Təcrübəli mütəxəssis Fanat.Az-a açıqlamasında "hərbçilər"lə oyundan danışıb:
"İlk yarıdan razı qalmadım. MOİK fasiləyə 1:0 öndə yollandı. İkinci hissədə isə daha inamlı təsir bağışladıq. Fasilədən sonra hər iki komanda 1 qol vursa da, bizim qol epizodlarımız daha çox oldu. Amma yararlana bilmədik. Əsas nəticə deyil, çatışmazlıqlarımızı gördük. Onun üzərində işləyəcəyik".
Vahabzadə "Kəpəz"in problemlərini də açıqlayıb:
"Xətlərarası əlaqə zəifdir. Uşaqlar bir yerdə az oynayıblar. Buna qədər həvəskar "Mübariz"lə və "Zaqatala" ilə oynamışdıq. Anlaşma səviyyəsinin yaxşı olması üçün zamana, yoxlama oyunlarının keçirilməsinə ehtiyac var. Məşqdə də bunun üzərində işləyəcəyik".
Qeyd edək ki, MOİK-lə oyun günü Bakıya gələn və dərhal da geri dönən gəncəlilər sentyabrın 5-də yenidən paytaxta səfər edəcək. Həmin gün "Səbail"lə sınaq matçı planlaşdırılıb:
"Ayın 5-də "Səbail"in əsas komandası ilə oynayacağıq. Ona kimi Gəncədə bir neçə məşqimiz olacaq. Hesab edirəm ki, qarşıdakı günlərdə daha yaxşı durumda olacağıq. Komanda tədricən optimala yaxın vəziyyətə gələcək".
"Kəpəz"in çalışdırıcısı divizionda rəqabətin güclü olacağını, buna baxmayaraq, hədəflərinin dəyişməz qaldığını deyib:
MOİK normal komandadır. Heyətində Emin Mehdiyev və bir neçə təcrübəli futbolçu var. Bundan başqa, gənclər də var ki, nəticədə mübariz komanda formalaşdırıblar. Bildiyimə görə, digər komandalar da çempionata ciddi hazırlaşırlar. Mövsüm ciddi rəqabət vəd edir. Ancaq bu, bizim hədəfimizə təsir etmir. Qarşımıza çempionatı ilk "üçlük"də başa vurmaq vəzifəsi qoyulub. Çempionatın startına kimi iki həftə vaxtımız var. Sevindiricidir ki, zədəli və ya sağlamlığında problem olan futbolçumuz yoxdur. Tam gücümüzlə hazırlaşırıq".
Mirağa