
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 12-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında təşkil olunan tura “Neftçi” – MOİK matçı ilə start verilib.
Birinci hissədə MOİK 25:22 hesabı ilə qalib gəlsə də, uğurlu başlanğıcın ardını gətirə bilməyib. “Neftçi” ardıcıl setləri hesabına yazaraq oyunu xeyrinə bitirib - 3:1 (25:23, 25:23, 25:12).
Günün ikinci matçında lider “Murov” “Ekspress”i sınağa çəkib. Qarşılaşma “Murov”un 3:0 (25:13, 25:12, 25:22) hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, 12 turdan sonra “Murov” 26 xalla turnir cədvəlində liderliyini davam etdirir. Onlardan bir xal geri qalan “Neftçi” ikinci pillədə qərarlaşıb. MOİK-in 15, məğlubiyyətə üzülən “Ekspress” 6 xala malikdir. “Sərhədçi” isə hələ də xal hesabını aça bilməyib.