
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup" adlanan turnirin ilk turunda vyetnamlı Le Kuanq Lyemlə üz-üzə gəlib. Reqlamentə əsasən, dörd rapid qarşılaşmasından ibarət matçın birinci partiyası heç-heçə yekunlaşıb. İkinci dueldə rəqibini yenən Məmmədyarov sonrakı oyunlarda yenidən "sülh"ə razılaşıb. Beləliklə, Şəhriyar yekun nəticədə 2,5;1,5 hesabı ilə qələbə qazanıb.
Dairəvi sistem üzrə 7 turdan ibarət yarışda ümumilikdə 8 iti zəka sahibi qüvvəsini sınayır. Turnirdə Məmmədyarov, Kuanq Lyem və Karlsenlə yanaşı, Aniş Giri, Yorden Van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) qələbə uğrunda mübarizə aparırlar.
Qeyd edək ki, aprelin 28-dək davam edəcək "Oslo Esports Cup"ın mükafat fondu 210 000 ABŞ dollarıdır.