"Sumqayıt"ın belaruslu baş məşqçisi Aleksey Baqa ölkəsinin "Footbal.by" saytına müsahibə verib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis UEFA Millətlər Liqasında çıxış edən Azərbaycan millisi ilə Belarus yığmasını müqayisə edib.
"Georgi Kondratyevin ixtiyarında ən güclü futbolçulardan ibarət komanda var. Legioner həyatı yaşayan 3 futbolçuların hər biri çempionluq uğrunda yarışan oyunçulardır. Amma bu fakt Azərbaycan və ya Slovakiya komandasının qapısına qol vurmağa imkan vermir. Deyirlər ki, Belarus seçməsində milliləşdirilmiş oyunçular qələbə qazanmağa mane olur. Azərbaycan yığmasının da heyətində belə futbolçular var. Məsələn, Riçard Almeyda. Bəli, ona yerli pasport verilib və o, uzun müddət Avropa yarışlarında çıxış edib. "Milan" akademiyasının yetirməsi olan Eddi İsrafilov bütün həyatını İspaniyada keçirib. Beləcə hər bir milliləşdirilmiş futbolçu haqda danışmaq olar. Ancaq biz yerli futbolçuları müqayisə edək. Azərbaycan millisində yerlilərdən Qara Qarayev və ya Maksim Medvedevi misal götürək. “Qarabağ”ın üzvü olan bu futbolçuların Avropa yarışlarında 100 oyunluq təcrübələri var. Bəs bizim yerli oyunçulardan hansının Avropa təcrübəsindən danışa bilərik?"
Baqa Qazaxıstan millisinin Azərbaycan seçməsi ilə oyununa da toxunub:
"Qazaxıstan yığması güclü komandadır. Uzaq məsafələrə uçmaqdan qorxmurlar. Onlar Qazaxıstan ərazisində uçmağa öyrəşiblər, artıq buna uyğunlaşıblar. Komandanın baş məşqçisi Adiyev emosional adamdır. Çox yerdə işləyib. Yəqin ki, milliyə özünəməxsus bir şey gətirib. Komanda bacarıqlıdır, orada təcrübəli futbolçular kifayət qədərdir. Ona görə də onların evdə Azərbaycan millisi üzərində qələbə qazanmalarında təəccüblü heç nə yoxdur. Nur-Sultanda oynamaq çox çətindir".
Emin