
Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşan "Qarabağ" ilk oyunu 0:0 hesablı heç-heçə ilə başa vurdu. Cavab matçı avqustun 23-də Plzendə keçiriləcək.
"Qarabağ"ın və Azərbaycan millisinin sabiq müdafiəçisi, "Neftçi"nin keçmiş çalışdırıcısı Samir Abasov Fanat.Az-a açıqlamasında "Viktoriya" ilə oyunlar barədə fikirlərini bölüşüb:
"Oyun özlüyündə çox maraqsız keçdi. Bu, mənim şəxsi fikrimdir. Ola bilər başqası üçün baxımlı olsun, amma mənim üçün çox darıxdırıcı idi. Fikrimcə, "Viktoriya" daha öncəki mərhələlərdə düşsəydi, "Qarabağ" onu elə birinci raundda keçərdi. İntizamlı komanda olmağına baxmayaraq, belə desəm, "Qarabağ"ın "diş"inə görə rəqibdir. "Viktoriya" həddən artıq ehtiyyatlı yanaşdı oyuna. Həm "Qarabağ"dan çəkinirdi, həm risk etmirdi, həm də hansı mərhələdə oynadığının fərqində idi.
"Qarabağı"ı yaxşı təhlil etmişdilər. Zubirin qarşısını alıb sıx müdafiə ilə oynamaları buna sübutdur. Məqsəd ÇL-in qrupudursa, komanda nəyin bahasına olursa olsun, istənilən oyun üslubu ilə həmin yarışın qrupuna düşmək istəyir. Yəni bu baxımdan "Qarabağ" üçün çətinlik yaratdı. Deyim ki, Çexiya çempionu özlüyündə zəif deyil.
"Viktoriya" həmin gün açıq futbol oynamaq fikrində deyildi. Düşünürəm ki, meydan amili də burada rol oynadı. "Qarabağ"a mənfi təsir göstərdi. Vadjinin bir neçə epizodda ayağının yerə girməsi, ötürmələrin istənilən kimi getməməsi də onu göstərdi ki, meydan "Qarabağ"a problem yaradır".
44 yaşlı mütəxəssis Çexiyada keçiriləcək cavab oyununun hansı məcrada keçəcəyi barədə düşündüklərini də dilə gətirdi:
"Çexiyada tam başqa bir oyunun şahidi olacağıq. Özümə də maraqlıdır ki, oradakı oyun necə keçəcək. Məncə, həddindən artıq çətin olacaq.
Masanın üstündə Çempionlar Liqasının qrupudursa, rəqib hər bir yola əl ata bilər. Onlar Bakıda qapansalar da, bir neçə real qol imkanları oldu. Belə bir müdafiə oyunu ilə bu epizodları yaradırlarsa, deməli, "Viktoriya" Çexiyada da həmin üslubu təkrar edə bilər. Qurban Qurbanov daha təcrübəlidir və nə edəcəyini yaxşı bilir. Amma düşünürəm ki, "Qarabağ" səfərdə də həmin ssenari ilə davam etməlidir. Əks-halda, bunun nəticəsi yaxşı olmaya bilər".
"Viktoriya"nın kapitanı Lukaş Heydanın vərəqə limiti dolduğu üçün ikinci matçda olmayacağına gəlincə, Abasov bunu əlavə üstünlük sayır:
"Əlbəttə ki, onun oyunda olmaması "Qarabağ"a müsbət təsir göstərə bilər. Qurbanovun yetirmələri göstərdi ki, Heyda meydana çıxanda belə, rəqibin qapısı qarşısında təhlükə yarada bilir. Səfərdə də həmin şanslar olacaq. Yenə deyirəm, ilk oyun darıxdırıcı keçdi. Biz bilirik ki, "Qarabağ" yaxşı top saxlaya bilir. Amma bu gün top saxlamaq böyük bir üstünlük hesab olunmur. Elə komandalar var ki, top saxlamaq onların özlərinə lazım deyil. Əks-hücum edəcəksənsə, standartlardan fərqlənmək istəyirsənsə, lap səhərə kimi top saxla... Nə olsun?"
Emin Şəmsiyev